“Böyük pullar futbolçuların psixologiyasına təsir elədi” (MÜSAHİBƏ)

Qaynarinfo Azərbaycanın futbol veteranı Novruz Əzimovun Sport7.az saytına müsahibəsini təqdim edir
– Novruz müəllim, işləriniz necə gedir?
– Hazırda demək olar ki, işsizəm.
– “Neftçi”dən ayrıldıqdan sonra heç bir təklif almamısınız?
– Xeyr, təklif olmayıb. Hazırda İsgəndər Cavadov adına “Bakı” futbol akademiyasında fəaliyyət göstərirəm. Burada uşaq futboludur. Bacardığımı onlara aşılamağa çalışıram. Ancaq istək yüksək komandalarda çalışmaqdır.
 – Azərbaycanda futbol veteranlarına münasibət sizi qane edirmi?
– Bu sferada vəziyyət elə də ürəkaçan, qanaətbəxş deyil. Nə ilə bağlı olduğu haqda çox söz danışmaq olar. Ayın 17-də veteranların konfransı keçiriləcək. Ora dəvətliyəm. İştirak edəcəm. Yəqin ki, orada bir çox məsələlər müzakirə olunacaq.
 
– Ölkə çempionatını izlədinizmi? Çempion “Qarabağ”, sabiq klubunuz “Neftçi”nin çıxışlarını necə dəyərləndirirsiniz?
– “Qarabağ”ın çempionluğu qanuna uyğun oldu. “Qarabağ”ın Çempionlar Liqasının qrup oyunlarından sonra heyətində olan dəyişiklik, həmçinin Qurban Qurbanovun millinin məsələləri ilə məşğul olması, diqqətini kluba ayıra bilməməsi kimi amillər komandada bir qədər zəifləmə yaratdı. Bu da “Neftçi”nin əlinə şans verdi ki, çempionluq qazansın. Ancaq “Neftçi”nin çempionatın ikinci yarısında buraxdığı səhvlər “Qarabağ”ın çempion olmasına səbəb oldu. “Qarabağ”ın zəhmətinə xələl gətirmirik, bəli, öz zəhmətləri ilə qazanıblar. “Neftçi” də ola bilərdi, ancaq “Səbail”lə, “Sumqayıt”la və s. bir sıra görüşlərdə yersiz yerə xallar itirdi, sonda ikinciliklə nəticələndi.
– Bəs ümumilikdə çempionatın səviyyəsini necə qiymətləndirirsiniz?
– Çempionatın səviyyəsi geriləyib. Klubların sayının az olması da bura daxildi. 8 klubun beşi eyni yerdən maliyyələşir. Mən inanmıram ki, dünyada ikinci belə çempionat var. Ki klublar vahid bir nöqtədən maliyyələşirlər. Gürcüstanda PRO kateqoriyası üzrə təhsil alanda “Dinamo” (Tbilisi) klubunda olmuşdum. Orada infrastukdurla tanış oldum. Gürcüstanda hər bir kluba dövlət tərəfindən pul ayrılır. Və həmçinin digər sponsorların da dəstəyi ilə fəaliyyət göstərirlər. Amma Azərbaycandakı formatda inanmıram hardasa ola. Bəlkə də pis deyil. Ancaq burada heç kimin hüququ tapdanmamalıdır, heç kimə yuxarı, heç kimə aşağı baxılmamalıdır. Hər birinə eyni şəriat yaradılmalıdır.
– Yuxarıda millidən və baş məşqçi məsələsindən söhbət açmışdınız. Artıq millimizə Nikola Yurçeviç başçılıq edir. Xorvat mütəxəssis sayəsində hansısa uğur qazancağımıza ümidlinisiniz?
– Onu deyə bilərəm ki, hazırda futbolçu potensialımız buna imkan vermir. Karlos Alberto Torres, Berti Foqts, Robert Prosineçki kimi məşqçilər fəaliyyət göstərdi. Hər biri də yüksək səviyyəli məşqçilərdir. Məncə, stradegiya düzgün qurulmadır. Bilirsiniz ki, 2015-ci ildə 10 illik dövlət proqramı başa çatdı. O proqramın şərtlərinə, göstərilən qaydalara əməl olunmadı. Azərbaycan futboluna ayrılan pullar daha düzgün, daha səmərəli istifadə olunsaydı, bu gün futbolumuz daha yüksəklərdə olardı. Buna AFFA tərəfindən nəzarət lazım idi, bütün idarəçilərlə sıx əlaqə saxlanılmalı idi. Elə klub oldu ki, birdən-birə elə böyük pullar verdi ki, futbolçuların psixologiyasına təsir elədi. Stradegiya düz olmadı. Onlarda hansısa nöqtəyə çatmağa istək olmasına ehtiyac qalmadı. Azərbaycanda ödənilən pul Rusiyadan başqa, bütün MDB ölkələrindən üstün idi. Bir də Ukraynanın “Şaxtyor” və “Dinamo” (Kiyev) klublarını istisna edirəm. Nəticə isə, məncə, elə də ürəkaçan olmadı.
Son vaxtlar avrokuboklarda “Qarabağ” layiqincə təmsil etməsi, “Qəbələ”nin Avropa Liqasının qrupuna düşməsi klublar reytinqini yüksəltdi. Ancaq məncə, bunlar müvəqqəti xarakter daşıyır. Daha düzgün, daha səmərəli stradegiya aparan İslandiyanı nümunə götürmək lazımdı. Digər ölkələr də ola bilər. Yəni, bunları deməkdə məqsədim odur ki, səviyyə ürəkaçan deyil.
Yurçeviçin də bugünkü gündə Azərbaycan yığmasında baş məşqçi olmasının nəticəyə elə də ciddi təsiri olmayacaq. Qurban Qurbanova imkan verilməliydi. O, özünü sübut etmiş baş məşqçidi. Ancaq “Qarabağ”la eyni zamanda alınmırdı. Mən də onunla razı deyiləm ki, həm klubda, həm yığmada çalışasan. Bu çətindi. Məşqçilikdə daha çox beyin sakit olmalıdı. İstənilən klubda problemlər var. Həm klubun, həm yığmanın sözsüz ki, problemləri var. Bunlar hamısı istər-istəməz insanı yorur.
Düzdü, deyə bilərlər ki, Starkov Latviya yığması və “Skonto” klubunun baş məşqçisi oldu və onlar Avropa çempionatının final mərhələsinə çıxa bildilər. Həmin vaxt “Skonto”nun bütün futbolçuları millinin üzvləri idi. Demək olar ki, əksər futbolçular eyni komandanın üzvləri idi, həm də yığmada birgə oynayırdılar. Və nəticəsini də verdi. Latviya yığması AÇ-nin final mərhələsinə çıxa bilmişdi. Ancaq Azərbaycanda bu hələlik real görünən iş deyil.

  DİGƏR XƏBƏRLƏR