İçərisinə tullantıların yığıldığı koneynerlər Filippindən Kanadaya yola salınıb

Mayın 31-də səhər saatlarında içərisinə tullantıların yığıldığı konteynerləri daşıyan gəmi Filippinin Sybik limanından Kanadanın Vankuver şəhərinə yola salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Maniladan təqribən 100 kilometr məsafədə yerləşən limanda gəminin yüklənməsini Kanadadan və Filippindən olan diplomatlar izləyiblər.

Xatırladaq ki, mayın 16-da Filippin Kanadadakı səfirini və konsulunu bu ölkə 2013-cü ildə ona məxsus içərisində emal edilməmiş tullantı olan 69 konteyneri vaxtında geri qaytarmadığına görə geri çağırıb. Filippin Xarici İşlər Nazirliyinin (XİN) bildirdiyinə görə, bunun üçün Ottavaya mayın 15-dək vaxt verilsə də, həmin müddətə əməl edilməyib. Kanada XİN-i Manilanın qərarından təəssüfləndiyini bildirərək, konteynerlərin tezliklə geri qaytarılacağını bildirib.

Mayın 22-də Kanadanın ətraf mühit və iqlim dəyişmələri naziri Ketrin Makkenna bildirib ki, Ottava həmin konteynerləri iyunun sonlarında qaytarmaq üçün nəqliyyat şirkəti ilə razılıq əldə edib. Həmin müddət Manilanı razı salmadığına görə, Prezident Rodriqo Dutertenin göstərişi ilə konteynerləri Kanadaya aparacaq gəmi icarəyə götürülüb. Ottava nəqliyyat xərclərinin ödəniləcəyinə razılıq verib.

  DİGƏR XƏBƏRLƏR