“Qalatasaray”ın arvadının güdazına gedən əfsanəvi JARDELİ

Əsl adı Mario Jardel de Almeida Riberio olan braziliyalı futbol istedadı dünyada daha çox Jardel adı ilə tanınır. “Qalatasaray” azarkeşlərinin adını əzbər bildiyi futbolçunun ulduzu hələ 1990-cı illərdə ortalarında Braziliyada və sonradan Portuqaliyada parlamışdı.

“Qalatasaray”da qısa müddət oynamasına baxmayaraq, o, azarkeşlərin yaddaşında heç vaxt silinməyib.

 

Modern.az ulduz futbolçunun enişli-yoxuşlu həyatına qısa nəzər salır.

Mario Jardel 1973-cü il sentyabrın 18-də Braziliyanın Fortaleza şəhərində anadan olub.

 

Karyera başlanğıcı

Mario Jardel Braziliya illərində “Gremio” formasıyla 1995-ci ildə Libertadores Kubokunu qazanarkən komandanın ən vacib oyunçusu olaraq qəbul edilirdi. Braziliya Liqasında “Gremio” ilə iki mövsümdə 73  matçda  67 qol vuraraq bir çox Avropa klubunun diqqətini çəkməyə nail olur.” Gremio”dan əvvəl “Vasko da Qama”da oynayan Jardel bu klubda 4 ildə 50 liqa matçına çıxır və 26 qol vurur. Daha sonra “Gremio”ya transfer olunur.

Uğurlu keçən “Gremio” dövründən sonra “Benfika” və “Reyncers” onu transfer etmək istəyir, amma bəzi problemlərə görə həmin klublara transfer ola bilmir. Bundan sonra “Porto” klubu “Gremio” ilə danışıqlara başlayır və çox keçmədən razılıq əldə olunur. Bununlada Jardel Avropa karyerasında ilk addımı atır. “Porto”da keçirdiyi 4  mövsümdə 3 dəfə bombardir kimi əldə olunması çətin bir rekorda imza atır. Klubdakı 4 mövsümdə 169 matçda 166 qol vuraraq, Avropanın bir çox klubunun diqqət mərkəzinə düşür. Bu vaxt “Golden Boot” mükafatını alan Jardel dünya səviyyəli bir hücumçuya çevrilir.

 

“Qalatasaray” macərası

“Porto” Jardelin müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi təqdirdə, onu alacaq klub transfer üçün 28 milyon dollar ödəməli olacaqdı. 2000-ci ildə UEFA Kubokunu qazanan “Qalatasaray”da Cem Uzan Jardelin transferi üçün “Telsim” ilə sponsorluq razılaşması imzaladı. Bu razılığa əsasən, Jardelin 17 milyon dollarlıq transfer ödənişi Cem Uzan tərəfindən ödənildi. Jardel “Qalatasaray” ilə 4 illik müqavilə imzaladı və “Telsim” 4 il “Qalatasaray”ın forma sponsoru oldu.

Jardel ilk matçında 5 qol vuraraq, ondan gözlənənləri çox tez və artıqlaması ilə qarşıladı. O, UEFA Super kubokunda “Real Madrid”ə 2 qol vuraraq demək olar ki, onu “Qalatasaray”ın muzeyinə  öz əlləriylə gətirdi.

Jardel “Qalatasaray”la 43 oyunda 34 qol vursa da, yeni gələn rəhbərlik onun yetəri qədər qaçmadığını səbəb göstərərək futbolçunu 3.4 milyon avro və “Sporting Lissabon”dan 3 oyunçu qarşılığında satır.

”Qalatasaray” daha sonra buna görə  təəssüflənir. 17 milyon avroya alınan Jardelin bir mövsümdə 34 qol vurmasına qarşı növbəti mövsüm 3.4 milyon avroya satılması Türkiyə Super Liqa tarixinin ən pis futbolçu satışlarından biri kimi qiymətləndirilir. Gələn 3 oyunçu bir dəfə də “Qalatasaray”da oynaya bilmədən komandadan göndərilirlər.

2000/01 mövsümündə Jardel, “Milan”, “Real Madrid”, “Reyncers”, “Şturm Qraz”, “Manako” kimi komandalara vurduğu qollarla “Qalatasaray”ın “Çempionlar Liqası”nda 1/4 finala qədər yüksəlməsində böyük rol oynayıb.

 

“Qızıl Top”

“Sporting Lissabon”a transfer olunan Jardel mövsümün 42 matçında 55 qol vurur və bu rekord uzun müddət sonra Lionel Messi tərəfindən yenilənir. Həmin mövsümdə Portuqaliyada “İlin futbolçu” mükafatını qazanır. Daha əvvəl qazandığı “Qızıl top” mükafatını yenidən əldə edir

 

Milli komanda

Bu uğurlara baxmayaraq, Jardel Dünya Çempionatından qabaq zədələnir  və Braziliyanın heyətində yer ala bilmir. Klub komandalarında möhtəşəm mövsümlər keçirən Jardel millidə bu nailiyyətləri təkrarlaya bilmir. O, millidə 10 oyuna çıxıb və 1 qol vurub.
2002-ci ildən sonra futbolçunun performansı aşağı düşməyə başlayır. 2003-cü ildə Jardel Yeni ili qeyd etmək üçün anadan olduğu şəhərə gedir. Burda qaldığı müdətdə hovuzda üzən zaman dizindən zədələnir və əvvəlki vaxtlarına bir daha qayıda bilmir.

Karyera çöküşü

Mövsüm sonunda İngiltərənin “Bolton” klubuna transfer olunan Jardel Premyer Liqada gözləntilənləri qarşılaya bilmir, burda yalnız “Liverpul” və “Wolsoll” klublarına qol vurur. Ardınca qış transfer pəncərəsində İtaliyanın aşağı liqa təmsilçilərindən “Ankona”ya transfer olunur.
29 yaşına qədər top klublarda oynayan və 295 qol vuran Jardel, o yaşdan sonra 9 il ərzində 50 qola da imza atır. Bu qolların əksəriyyətini 2 və 3-ci liqa klublarına vurur. Jardelin bu cür zəif performansını mətbuatda həyat yoldaşı ilə arasındakı problemlər əsas göstərilirdi. Köhnə bir “playboy” jurnalında işləyən Karen Matzenbacherdən ayrıldıqdan sonra, Jardel təxminən 3 aya qədər bir ruhi xəstəxanda müalicə olunur. Bu zaman o uşaqlarından da uzaq qalmış olur. Müalicə Jardeli psixoloji olaraq yaxşılaşdırsa da, amma onun futbol performansının yüksəlməsinə heç bir təsir etmir.

 

Novruz NOVRUZLU

  DİGƏR XƏBƏRLƏR