Unai Emeri: Ermənistan-Azərbaycan münaqişəsindən xəbərim yoxdur

Ermənistan-Azərbaycan arasında mövcud olan problemlər barədə məlumatlı deyiləm.

Oxu.Az “Arsenal” futbol klubunun rəsmi saytına istinadən xəbər verir ki, bunu baş məşqçi Unai Emeri bildirib.

“Arsenal”ın çalışdırıcısı Avropa Liqası finalının Bakıda keçirilməsi və Mxitaryanın final matçında oynayıb-oynamayacağı ilə bağlı sualları cavablandırıb.

“Bu, idmana aid bir məsələ deyil. Mxitaryanın Bakıya buraxılıb-buraxılmayacağına mən qərar vermirəm. Bunun həlli yolunu bilmirəm”, – baş məşqçi vurğulayıb.

“Börnli”- “Arsenal” (1-3) matçından sonra keçirdiyi mətbuat konfransında finalın Bakıda keçirilməsinə də münasibət bildirib.

“Oyunun bu və ya başqa yerdə keçirilməsi ilə bağlı qərarın dəqiq səbəbini bilmirəm. Üç il əvvəl “Barselona”ya qarşı Super Kubok oyununu Gürcüstanda, Tbilisidə oynamışıq. O vaxt da İspaniyadan iki komanda superkubok oynamaq üçün Gürcüstana uçmuşdu.

Bundan əsas azarkeşlərə problem yaranır. Mən İngiltərəyə yaxın yerdə oynamağa üstünlük verirəm. Çünki rəqiblərin ikisi də İngiltərə komandasıdır və beləcə, daha çox azarkeş bizə dəstək ola bilər. Üç il əvvəl “Sevilya”nı çalışdıran vaxt İsveçrədə “Liverpul”a qarşı oynamışdıq.

Stadion azarkeşlərlə dolu idi, “Liverpul”un da xeyli tərəfdarları var idi. Çox möhtəşəm mənzərə idi. Oyunu nə üçün orada (Bakıda – red.) keçirməyə qərar verdikləri barədə düşünməmişəm. Ancaq iş ondadır ki, matçda oyuna bizdən altı min, “Çelsi”dən də altı min azarkeş iştirak edəcək. Halbuki stadionun tutumu 70 min nəfərlikdir. İnanıram ki, o, tam dolacaq. Ancaq yəqin ki, “Çelsi” və “Arsenal” azarkeşləri arzuolunan sayda olmayacaq”.

  DİGƏR XƏBƏRLƏR