Bütün dünyada hay-küy yaradan seriala Qorbaçovdan reaksiya gəldi

SSRİ-nin keçmiş lideri akadmik Valeri Leqasova mükafat verilməməsi barədə heç bir göstəriş verilmədiyini deyir

ABŞ-ın HBO kanalı “Taxt oyunları” serialından sonra bütün dünyada danışılan daha bir layihəyə imza atmağı bacarıb. Söhbət 1986-cı ilin aprel ayının 26-da Çernobıl Atom-Elektrik Stansiyasında baş verən qəza ilə bağlı çəkilən “Çernobıl” mini-serialından gedir.

Yeni televiziya layihəsi həm rejissor quruluşuna, həm aktyorların oyununa, həm də həqiqətləri əks etdirmək qabiliyyətinə görə kinotənqidçilərin böyük təqdirini qazanıb və tamaşaçılar arasında yüksək reytinq əldə edib.

Lakin serial gözlənildiyi kimi, Rusiyanın millətçi dairələri, xüsusilə Kremlə yaxın mətbuat orqanları tərəfindən xoş qarşılanmayıb. Hətta Kremlin yerli kino istehsalçılarına Çernobıl faciəsi ilə bağlı alternativ versiya üzrə film çəkmək barədə göstəriş verdiyi bildirilir. Burada qəzada ABŞ-ın xüsusi xidmət orqanlarının əli olduğu barədə danışılacağı və həmin anda Mərkəzi Kəşfiyyat İdarəsinin bir agentinin stansiyadakı fəaliyyəti göstəriləcəyi deyilir.

Serialda əsas personajlardan biri də şübhəsiz ki, SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov sayılır. Teleşouda Qorbaçov əslində müsbət çalarlarla təsvir edilib və onun qəzanın səbəblərinin araşdırılması üçün vaxtında əmrlər verdiyi göstərilir. Lakin hamıya məlum olduğu kimi, Çernobıldakı partlayışın bütün Avropada irimiqyaslı faciləli nəticələrə yol açmasının qarşısının alınmasında və bununla bağlı həqiqətlərin dünyaya çatdırlmasında misilisiz xidmət göstərən akademik Valeri Leqasov sonradan SSRİ rəhbərliyi tərəfindən heç bir mükafata layiq görülmədi, əksinə, onun karyerasına son verdilər.

Akademik Leqasov 1988-ci ildə olduqca şübhəli şəkildə intihar edib. Belə ki, özünü asdığı qeyd edilən akademikin yanında ona məxsus tapança da varmış. Üstəlik, Valeri Leqasovun Çernobılla bağlı səs yazılarıın bir hissəsi həmin intihar hadisəsindən sonra yoxa çıxıb. Akademik V.Leqasov yalnız 1996-cı ildə Rusiya prezidenti Boris Yeltsin tərəfindən “Rusiya qəhrəmanı” adına layiq görülüb.

Mixail Qorbaçov isə bu günlərdə verdiyi müsahibədə Valeri Leqasovla bağlı heç bir göstəriş vermədiyini deyib.
“Mən heç bir sərəncam verməmişəm. Bunu məndən başqa kim edə bilərdi ki… Tam cəfəngiyyatdır”,-deyə SSRİ-ni keçmiş rəhbəri bildirib. Mixail Qorbaçov “Çernobıl”ı hələ izləyə bilmədiyni sözlərinə əlavə edib.

Lakin tarxiçilər hələ də akademik Leqasovun karyerasının bitirilməsində və ölümündə Qorbaçovu suçlayırlar. Belə ki, qəzadan sonra iki dəfə alimin Sosialist Əməyi Qəhrəmanı adına namizədliyi verilsə də, Kreml tərəfindən rədd olunub.

  DİGƏR XƏBƏRLƏR