Çimərlik ərazisində çirkab su birbaşa dənizə axıdılır – VİDEO

Çimərlik ərazisində çirkab su birbaşa dənizə axıdılır.

Bununla yanaşı, dənizdə tələf olan çox sayda balıq sahilə vurub.

Görüntülər Abşeron rayonu Novxanı çimərliyindəndir. Burada fəaliyyət göstərən “Ləman” ailəvi istirahət mərkəzinin ərazisində çirkab sular birbaşa dənizə axıdılır.

Çirkab su yeraltı boru vasitəsi ilə axıdıldığından həmin boruda sızma yaranıb. Nəticədə çirkli su həm əraziyə yayılıb, həm də dənizə axır. İstirahətə gələn vətəndaşlar isə buna əhəmiyyət vermədən günəş vannası qəbul etməkdə və dənizə girməkdə davam edirlər.

Bu, azmış kimi dənizdə tələf olmuş balıqlar da sahilə vurub. Nəticədə ətrafa üfunət yayılmaqla yanaşı, görüntünü də pisləşdirib.

Problemlə bağlı istirahət mərkəzinin icarədarı Könül Quliyeva bildirdi ki, həmin su drenaj kanalı ilə axıdılan sudur və bunun onlara aidiyyəti yoxdur. Onun sözlərinə görə, istirahət mərkəzinin kanalizasiya suları mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə axıdılır. Buna görə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə də bağlanıb.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Xəzər xəbər”ə bildirildi ki, problem tam araşdırılacaq və ictimaiyyətə ətraflı məlumat veriləcək.

  DİGƏR XƏBƏRLƏR