Hon Konqda etirazlar davam edir

Hon Konqda davam edən etiraz aksiyalarında xəsarət alanların sayı artır.
Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, hökumətin ekstradisiya qanununa etiraz edən nümayişçilərə qarşı plastik güllə və gözyaşardıcı qazdan istifadə edilib. Nəticədə 50 kişi, 22 qadın xəsarət alıb, 2 nəfərin vəziyyəti ağırdır. Zərərçəkənlərin yaşları 15-66 aralığındadır. Saxlanılanların olduğu bildirilir.
Qeyd edək ki, ekstradisiya qanunu qətl, zorlama kimi cinayətlərdə ittiham edilən şəxslərin hökm verilməsi üçün Çin, Tayvan və Makaoya ekstradisiyasını nəzərdə tutur. Qanunun qəbul edilməsi 20 yaşlı Hon Konqlu gəncin 19 yaşlı hamilə sevgilisini Tayvanda öldürməsi ilə gündəmə gəlib. Daha sonra Hon Konqa qayıdan gənci müvafiq qanun olmadığına görə Tayvana təhvil vermək mümkün olmayıb.
Hon Konq əhalisinin bir hissəsi ekstradisiya qanununun regionu Çindən daha da asılı vəziyyətə salacağını bildirərək bu qərara etiraz edir.
Hon Konq bu günə qədər 20 ölkə ilə ekstradisiya barədə razılaşma imzalayıb.

  DİGƏR XƏBƏRLƏR