Yoxa çıxan uşaq verilişləri, yad dildə dil açan körpələrimiz

Qulu Məhərrəmli: “Bu məsələni təkcə özəl kanalların üzərinə qoymaq olmaz…”

Bu gün Azərbaycanda uşaqların sağlam və intellektual inkişafı, ana dilinə yiyələnməsi ilə bağlı ən böyük problemlərdən biri də televiziyalarda  baxımlı, maraqlı uşaq verilişlərinin olmamasıdır. Bir neçə uşaq verilişi olsa da, onlara kütləvi baxılmır. Yenicə dil açmaqda olan uşaqlar daha çox Türkiyə telekanallarındakı uşaq verilişlərinə və ya cizgi filmlərinə baxaraq Türkiyə türkcəsində danışmağa başlayırlar.

Eləcə də Youtube platformasındakı uşaq kanallarında ingilis dilində videoları izləyən uşaqlar çox zaman rəqəmləri və rəngləri, sadə sözləri bu dildə deməyə başlayırlar. Uşaqların ən çox sevdiyi qəhrəmanlar belə xarici ölkələrə məxsusdur. Türkiyə efirindəki “Pepe”, “Niloya”, “Keloğlan”, xarici kanallardakı “Maşa” və digər cizgi film qəhrəmanları uşaqların təqlid etdiyi əsas personajlardır. Milli ruhda, ana dilində danışan , intellektual nəsil yetişdirmək istəyiriksə, öncə problem gündəmə gətirməli, sonra həllini tapmağa çalışmalıyıq.

Televiziya mütəxəssisi, milli dilimizin təəssübkeşlərindən biri olan Qulu Məhərrəmli də “Yeni Müsavat”a açıqlamasında bunu çox ciddi məsələ saydığını dedi: “Bu təkcə dil problemi yaratmır, həm də uşaqların təfəkkür və düşüncəsinə təsir edir. Çünki biz uşaqlarımıza lazım olan ekran məhsulunu verə bilmirik. Ona görə də uşaqlar bir-biri ilə türk qəhrəmanlarının dili ilə danışırlar, türk dilində danışırlar. Əlbəttə ki, bu çox ciddi problemdir. Çox yaxşı, maraqlı, uşaq psixologiyasına uyğun verilişlər hazırlamaq olar. Ancaq bunu bacarmaq və üzərində işləmək lazımdır. Bu, millətin gələcəyi məsələsidir. Bu gün ingilis qəhrəmanlarını tanıyan, ingilis dilində düşünən və danışan uşaqlar gələcəkdə milli kökə bağlı olmayacaqlar. Təcrübə bunu göstərir. Azərbaycan folklorunda o qədər zəngin və maraqlı nağıllar var ki, onların hər birini ekrana gətirmək olar. Həmçinin milli qəhrəmanlar yaratmaq lazımdır. Bizim cırtdandan başqa heç bir maraqlı nağıl qəhrəmanımız yoxdur ki, uşaqlar baxsın və onun dili ilə danışsınlar, onunla fəxr etsinlər. Kukla Teatrında bəzən yaxşı nümunələr olur, təşəbbüs göstərirlər”.

Ä°lgili resim

Q,Məhərrəmlinin sözlərinə görə, konseptual olaraq uşaqlar üçün düşünülmüş yayım proqramları olmalıdır: “Vaxtilə Milli Teleradio Şurası bu məsələni qaldırmışdı, sonradan yaddan çıxdı. Ancaq heç olmasa, xarici cizgi filmlərini yaxşı dublyaj edib çatdıra bilərik. Bütün ailələr hazırda bu problemdən əziyyət çəkir, o baxımdan günün ən aktual məsələsidir. Bunu kim etməlidir? Televiziyaların belə bir missiyası olmalıdırmı? Büdcədən maliyyələşən televiziyalar bununla bağlı hansı addımları atırlar? Kinostudiyadan başqa, AzTV-də kinorejissor Vaqif Behbudovun bir neçə cizgi filmi işıq üzü görmüşdü. Yenə də uşaqlarımızın düşüncəsinə xidmət edən verilişlər hazırlamalıyıq. ARB Günəş Azərbaycanda yaradılan ilk uşaq kanalıdır və bu çox ciddi hadisədir. Hesab edirəm ki, indiki halda nə isə cəhdlər edirlər, müxtəlif yaşa kateqoriyaları ilə bağlı addımlar atılır. Ancaq hiss olunur ki, onların özlərinə də maddi, texnoloji, intellektual kömək lazımdır. Kanalın konsepsiyasına baxmaq lazımdır, bu işi təkcə özəl kanalların öhdəsinə buraxmağı da doğru hesab etmirəm. Bu kanalın olması müsbət addımdır. Orada Azərbaycan nağılları da təbliğ olunur. Bu kanalı zənginləşdirmək lazımdır, məhsulları daha rəngarəng olmalıdır. Məncə, belə bir kanalın olması çox yaxşıdır, ancaq bu məsələni təkcə özəl kanalların üzərinə qoymaq olmaz. Bu dövlətin siyasətidir və bu işlə dövlət məşğul olmalıdır. Dil tez üzə çıxan bir məsələ olduğu üçün, uşaqların xarici dildə danışması tez nəzərə çarpır. Ancaq təfəkkür məsələsi gec üzə çıxır. Evdə valideynlər, məktəbdə isə müəllimlər bu məsələyə diqqət göstərməlidirlər”.

Bir vaxtlar efirdə yayımlanan “Oyuncaq” verilişinin aparıcısı Şəhriyar Əbilov da bu sahədə bir çox problemlərin olduğunu dilə gətirdi: “Azərbaycanda bu sahədə problemlər çoxdur. Əsas problem isə ucuz verilişlərin reytinq toplaması, savadsız təbəqənin bu verilişlərə baxıb onları reytinqlərdə yuxarı qaldırmasıdır. Mən Azərbaycanda ən böyük uşaq layihəsi aparmışam – ”Oyuncaq” layihəsi. Patent olaraq bu, həm də Türkiyədə, İspaniyada, Braziliyada, dünya ölkələrinin bir çoxunda olub. Kinostudiyada iki böyük pavilyon bizim layihəyə aid idi – biri böyük şou zalı idi, digəri isə tam uşaqlara aid olan bir zal. Mənim verilişimdə sırf ailələr iştirak edirdi – ana, ata və uşaqlar. Mən orada sağlam ailəni cəmiyyətə göstərmək istəyirdim, çalışırdım boşanmaq istəyən insanlar belə, bu cütlükləri görüb peşman olsunlar. Heç zaman uşağın atasının yerində dayısının və əmisinin verilişə gəlməsinə razı olmurdum. Bu, həm də ailə bütünlüyü ilə bağlı bir təbliğat idi. Uşaqların inkişafı üçün nə lazımdırsa, həmin oyunlardan istifadə edirdik. Mənim layihəmin özəl kanalların birində getdiyi halda, həftədə bir dəfə olduğu üçün sponsorlarım həmin kanaldakı digər gündəlik verilişə getdilər. Adi oyuncaq şirkətləri belə getdilər. Yəni bunu kanallar etməlidir, dövlətin dəstəyi, kanal rəhbərliyinin dəstəyi vacibdir. Hər bir kanalda uşaq verilişi mütləq olmalıdır. Çünki cəmiyyətdə uşaqların da yeri var. Təəssüf ki, əksər kanallar yalnız pul ardınca qaçdığı, daha çox pul qazanmaq istəyi ilə insanların mənəviyyatını düşünmədiyi üçün bəzən belə problemlər baş verir. Amma çox kanallarda vaxtilə uşaq verilişləri olub, indi olmamasının səbəbi isə reytinqli veriliş axtarışında olmalarıdır. Anlayıram ki, özəl kanalların maddiyyata ehtiyacı var. Ancaq elə etmək olar ki, uşaq verilişləri də yaxşı pul gətirsin”.

Psixoloq Fərqanə Mehmanqızı isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, yerli telekanallardakı uşaq verilişlərinə baxılmamasının əsas səbəbi bu verilişlərin aparıcılarının çox süni danışmasıdır: “Onlar çox rahat danışmalıdır. Süni danışıq uşaqları qıcıqlandırır. Uşaqların bir çoxunun Türkiyə telekanallarına baxaraq Türkiyə türkcəsində dil açması gələcəkdə onların nitqində problem əmələ gətirə bilər. Onsuz da ana dilimizdə alınma sözlər çoxdur. Böyüyən bu nəslin hesabına bu sözlər daha da artacaq. Hazırkı verilişlərdə əsas problem sünilikdir, verilişə çağırılan uşaqlar öncədən öyrədilir.  Maarifləndirici məlumatlar az olur. Rusiya telekanallarındakı uşaq verilişlərində isə çox məlumat öyrədirlər. Aparıcı xanımlar çox bəzənirlər, sadəlikdən çıxırlar. Halbuki o verilişə baxanda uşaqlar onu evlərində hiss etməlidirlər. Uşaqlar o qədər həssasdırlar ki, süniliyi dərhal hiss edirlər”.

Nərgiz LİFTİYEVA

  DİGƏR XƏBƏRLƏR