“Ağdam bandası”nın başçısına hökm oxundu – Rusiyada qətllər sifariş verirdi

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Murad Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Oxu.Az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M.Məmmədov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, M.Məmmədov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 (qəsdən adamödürmə), 209 (quldurluq), 162 (soyğunçuluq), 163 (şantaj yolu ilə mənimsəmə) və 222-ci (qanunsuz olaraq silah saxlama, daşıma, ötürmə) maddələri ilə də ittiham olunur.

O, 2010-cu ildə Rusiya tərəfindən axtarışa verilib və Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs edilib.

“İnterpol”un saytında da axtarışda olduğu qeyd olunan M.Məmmədov Ağdam rayonunun Salahlı kəndində anadan olub.

Rusiya mətbuatında yazılanlara görə, M.Məmmədov Sankt-Peterburqda üç nəfərin qətlinin sifarişçisi olub. 2009-cu ildə Rusiyada silsilə qətllərdə təqsirləndirilərək saxlanılan üç azərbaycanlı – Əlibala Əliyev, Kamil Qurbanov və Zamin İsayev 24 il müddətinə azadlıqdan məhrum edilib.

Araşdırmalar zamanı məlum olub ki, “Ağdam bandası” qruplaşmasının başçısı M.Məmmədov həmin vaxt Z.İsayevə 300 min rubl verərək başqa bir azərbaycanlını öldürməsini istəyib. Z.İsayev bu iş üçün Ə.Əliyev və K.Qurbanovla əlbir olub. Qanunsuz olaraq silah əldə edən dəstə üzvlərindən Ə.Əliyev yanlışlıqla başqa adamı öldürüb. Bir neçə ay sonra isə Z.İsayev özü M.Məmmədovun sifariş etdiyi şəxsi öz evində güllələyərək öldürüb.

Məlumata görə, M.Məmmədovun rəhbərlik etdiyi cinayətkar qruplaşmanın digər dörd üzvü beş adamın qətlində günahlandırılıb və Leninqrad Hərbi Məhkəməsi tərəfindən onlara hökm oxunub. Bandanın 4 nəfərdən ibarət bu dəstəsi ərzaq satışı şəbəkəsinin rəhbərinin qızı, 22 yaşlı Rumiyə Kərimovanı qətlə yetiriblər.

  DİGƏR XƏBƏRLƏR