Bakıda 9 min manatlıq “yaxşı” qəbir yeri satılır: – Kimsə cavabdehlik daşımaq istəmir

Qanunla qəbir yerlərinin satılması qadağan olunsa da, qəbiristanlıq biznesi hələ də davam edir.

Dəfələrlə məsələ, hətta parlament səviyyəsində müzakirə olunsa da, nəticə dəyişmir. Bu günlərdə Zaur Əliyev adlı sosial şəbəkə istifadəçisi vəfat edən atasına qəbir yeri almağa getdiyi məzarlıqlarda gördüyü mənzərədən danışıb. Bildirib ki, bir neçə məzarlıqda torpaq ayrılması üçün ondan böyük məbləğdə pul tələb olunub. Dəfn zamanı rəsmi dövlət qiyməti müsəlmanlar üçün 63 manat, qeyri-müsəlmanlar üçün isə 75 manat təşkil etsə də, yer üçün 3-4, hətta 5 min manat tələb edənlər olub. Yasamal qəbiristanlığında isə ona 9 min manatlıq “yaxşı yer” təklif edilib. Hətta ucuz olduğu üçün Zaur Əliyevə Hövsan qəsəbə qəbiristanlığı məsləhət görülüb. Sosial şəbəkə vasitəsilə Zaur Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Qafqaz Müsəlmanlar İdarəsini sərt tənqid edib.

Məsələ ilə bağlı Cebhe.info Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əlaqə yaradıb. Qurumun mətbuat katibi Yaqut Əliyeva məsələdən xəbərdar olduğunu bildirsə də, açıqlama verməkdən yayınıb. Bildirib ki, onlara bu barədə rəsmi sorğu göndərilməlidir. (Hərçənd ki, bu quruma daha əvvəllər müxtəlif məsələlərlə bağlı göndərdiyimiz rəsmi sorğulara da cavab verilməyib – müəll.)

Mənəvi Dəyərlərin Təbliği Fondu ilə də əlaqə baş tutmayıb.

Qurumdan telefon zənglərinə cavab verilməyib.

Bildirək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Nazirlər Kabinetinə təqdim etdiyi “Məzar yerləri və məzarlıqlar haqqında” qərar layihəsində isə dəfn xərclərinin dəfn üçün müavinətin məbləğindən artıq olmamasını yer alıb. “Dəfn işi” yas mərasimini nəzərdə tutmur. Burada söhbət məzar üçün torpağın ayrılması, qəbrin qazılması, dəfn olunma və abidənin qoyulmasından ibarətdir. Belə ki, əgər vəfat etmiş şəxsin iş yeri varsa, “dəfn pulu” dediyimiz vəsait onun iş yerindən verilir. Əgər ölən təqaüdçüdürsə, həmin vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir. “Məzar yerləri və məzarlıqlar haqqında” qərar layihəsində dəfnin məhz bu vəsait hesabına aparılması nəzərdə tutulur. Təklifin mahiyyəti bundan ibarətdir ki, dəfn üçün xərclər bu vəsaitdən artıq olmasın. Ən əsası isə torpaq pulsuz olmalıdır. Həmçinin, qəbiristanlıqların saxlanılması, abadlaşdırılması vətəndaşların deyil, bələdiyyələrin hesabına olacaq.

Cəmiyyəti ən çox narahat edən məsələ məzar yerinin pulsuz ayrılmasıdır ki, bu da sənəddə əksini tapıb. Amma onun icra mexanizmi ilə bağlı hər hansı şərh verilməyib. Yəni torpağın təkcə Bakı qeydiyyatında olanlara pulsuz ayrılacağı, yoxsa paytaxtda yaşayan hər kəsə şamil ediləcəyi bəlli deyil.

  DİGƏR XƏBƏRLƏR