Göbələk kimi çoxalan kurslarda keyfiyyət sual altındadır – Kim nəzarət edəcək?

Son illər müxtəlif sahələrdə fəaliyyət göstərən kursların sayı sürətlə artır. Ancaq onlara heç bir qurum nəzarət etmədiyi üçün bu kursların keyfiyyəti sual altındadır.

Təhsil üzrə ekspert Etibar Əliyev “Yeni Sabah”a açıqlamasında bildirib ki, nəzarət olmadığından bu cür kurslar istənilən praktikanı tətbiq edə bilər:

“Onlar müəyyən proqramlar çərçivəsində ali məktəblərə qəbul üçün abituriyent hazırlayırlar, ya hansısa karyera qurmaq məqsədi olan vətəndaşlara müəyyən istiqamətlərdə hazırlıq kursları həyata keçirirlər. Ona görə də bu cür kurslara, şirkətlərə ki, nəzarət yoxdur, onlar istənilən praktikanı tətbiq edə bilər. Bu konkret olaraq vətəndaş və onlar arasındakı razılaşmadan asılıdır”.

Ekspert kurslara müraciət edən şəxslərin orada fəaliyyət göstərən müəllimlərin təhsili ilə maraqlanmalı olduğunu deyib:

“Təəssüflər olsun ki, bir çox halda bu mümkün olmur. Kursun təqdim etdiyi müəllimi lazımi müəllim kimi qəbul edirlər. Əgər kursun verdiyi sertifikatlar, sənədlər haradasa nəzərə alınacaqsa, mütləq müəllimlərinin pedaqoji təhsili, yaxud pedaqoji praktikası olmalıdır. Lakin fərd özü üçün hansısa sahəyə hazırlaşırsa, özünün şəxsi inkişafı və aktuallaşdırması məqsədilə nəsə öyrənirsə, təbii ki, burada pedaqoji təhsilə heç bir ehtiyac qalmır”.

Ekspert fikirləşir ki, kurslara nəzarət edilməsi mövzusunda heç bir tədbir görülməyəcək:

“Ölkədə fəaliyyət göstərən heç bir kursun Təhsil Nazirliyi, yaxud təhsil sahəsi ilə məşğul olan başqa bir qurumdan icazəsi yoxdur. Kursların açılması və fəaliyyətinə Təhsil Nazirliyi cavabdeh deyil. Buna görə də onların öz nizamnamələri, proqramları var. Bu tip kurslar 20 ildən artıqdır ki, fəaliyyət göstərir. Ola bilsin ki, Ədliyyə Nazirliyinin qeydiyyatından keçirlər, vergilərlə bağlı məsuliyyətləri olur. Ancaq təhsillə bağlı, yaxud hansısa təhsil sənədinin verilməsi ilə bağlı Təhsil Nazirliyi öz üzərinə məsuliyyət götürmür. Düşünürəm ki, bundan sonra da götürməyəcək”.

  DİGƏR XƏBƏRLƏR