“Normal istirahət edə bilməyən insanların yay fəslinə şüuraltı nifrəti formalaşır…” -Psixoloq..

“İnsanların çoxu yayı sevir, çünki yay istirahət fəslidir, dəniz, meşə və s. yerləri gəzirlər. Bu fəsil ruhun dincəlməsi fəsli hesab olunur”
Bunu Moderator.az-a açıqlamasında psixoloq Zeynəb Eyyubova insanların yay fəslinə adaptasiya olunması haqda danışarkən deyib. Psixoloqun sözlərinə görə yay fəslində insanlar adaptasiya problemindən daha çox depressiyaya düşmüş olurlar:
“Ümumiyyətlə, insanların yeni fəsilə adaptasiya mövzusu insandan-insana fərqli olur. Necə ki, hər insanın özü xarakteri var, biri yayı, digəri payızı və qışı sevir. İnsanlar var ki, bəzi fəsilləri xüsusi olaraq gözləyirlər. Bəzi insanların şüuraltı inancı var və deyirlər ki, qış mənə düşmür. O qədər bunu düşünürlər ki, həmin fəsil gələndə o, problemlər yaşamağa başlayır. Deyərdim ki, ən gözəli yay fəslinə adaptasiyadır. İnsanların çoxu yayı sevir, çünki yay istirahət fəslidir, dəniz, meşə və s. yerləri gəzirlər. Bu fəsil ruhun dincəlməsi fəsli hesab olunur.
Sadəcə burda yay fəslinə adaptasiyadan çox o mövzuya toxunmaq istəyirəm ki, son zamanlar sosial şəbəkələrin bizim evlərimizə ayaq açmasına görə insanlar kiminsə hesabına baxıb xaricdə istirahət etdiyinin şahidi olurlar və özünün istirahət etməməsinə görə gileylənirlər. Son dövr yay fəslində depressiyaların sayı daha çox artıb. Normal istirahət edə bilməyən insanların yay fəslinə şüuraltı nifrəti formalaşır. Bu gün insanlar yay fəslində adaptasiyadan çox depressiya problemi ilə qarşılaşırlar. Hər bir fəsildə, hər bir gündə, hər bir insana gözəl, xoşbəxt ruh arzulayıram”.

  DİGƏR XƏBƏRLƏR