Sərnişinlərlə dalaşan sürücü, turistlərin ayaq basmadığı Ören, adalar, meşələr, şəlalələr – Fotolar

Yay başladısa, insanlar ilin yorğunluğundan xilas olmaq, yeni mövsümdə daha enerjili olmaq üçün tətil planları qurur. Hər kəs öz cibinə uyğun olaraq istirahətini planlayır. Kimisi ölkə xaricini seçir, kimisi də vətəndə qalıb, rayonlara üz tutur. 

Biz isə bu dəfə yeni yerlər görmək və daha rahat olmaq üçün Türkiyəyə, daha dəqiq desək, Burhaniyənin dəniz sahilində yerləşən 4 məhəlləsindən biri olan Örenə üz tutmağı qərara aldıq və səfərimə avtobusla start verdik.

Səhər saat 11:da bilet əldə etdiyimiz “Öz Hasanoğlu” şirkətinə məxsus avtobusa mindik. Minməz olaydıq. Avtobusda “ekşin” bitmədi ki, bitmədi. Yenicə avtobusa qədəm qoymuşduq ki, sürücü ilə gənc oğlanın mübahisəsi başladı. Danışılan qiymətdən 5 manat artıq istəyən sürücü oğlanı avtobusdan düşürmək istəsə də, istəyi baş tutmadı. Sərnişin öz valideynlərinə zəng etdikdən sonra razılığa gəlindi.

Hər şey bununla bitmədi. Bir saat keçmişdi ki, avtobusa bir qrup sərnişin daxil oldu. Bundan sonra sürücü insanların yerini dəyişməyə başladı. O bildirdi ki, bir-birini tanımayan qadın və kişilər birlikdə otura bilməz. Pəncərə yanından qaldırılan qadın etiraz etdiyi üçün sürücü onun üzərinə hücum etdi. Gah qışqırdı, gah avtobusdan düşürəcəyi ilə hədələdi. Sonda gənc xanım yerindən qaldırıldı və sözügedən qadın pəncərə kənarında oturdu. Bütün bu qarışıqlığa səbəb isə insanlara bilet verilməməsi və şirkətin vergidən yayınmasıdır.

Macəramız bununla bitmədi, gecə soyuducuya qoyduğumuz yoğurtlar başqaları tərəfində ata malı kimi yeyildi. Amma yoğurtu yeyən oğlanlar nə üzrxahlıq etdi, nə yenisini alıb yerinə qoydu. Bilet puluna daxil olan səhər yeməyinə isə 1 yumurta, 3 qara zeytun, 3 dilim çörək, 2 stəkan çay, kiçik qabda cem, yağ və mürəbbə daxil idi.

Sürücünün müavini olan və sərnişinlərə servis edən gənc oğlan da kobudluğu ilə seçildi. Sonradan öyrəndik ki, sürücü Rizelidir, avtobus da özünündür. Şirkətlə əməkdaşlıq edir. Müavini də oğludur.

Nəhayət, 40 saatlıq yolçuluq bitdi, biz Bursaya çatdıq. Bursadan isə 4 saatlıq məsafədə olan Burhaniyəyə yola düşdük. Burhaniyə həqiqətən də tam ideal məkandır. Dəniz, qum, sakitlik və az insan. Burada əsasən evlər 3 mərtəbədən ibarətdir. Sürüşmə zonası olduğu üçün çoxmərtəbəli binaların tikilməsinə icazə verilmir. Burada tək-tük 5 mərtəbəli binaya rast gəlmək olar. Turistlər, demək olar ki, Örendən xəbərsizdir. Sonradan öyrəndik ki, Burhaniyə əhalisinin çoxu Almaniyada yaşayır və tətil üçün buraya gəlir. Yay boyu burada ancaq yerli əhali olur. Qışda isə çox az adama rast gəlinir.

Tətil məkanı kimi reklam olunmadığı üçün turistlər buradan xəbərsizdir. Otel qiymətləri də münasibdir – bir gün üçün 100-300 lirə. Bizim pulla 30 manat. Bu qiyməti Azərbaycanda tətil bölgələrində çətin tapmaq olar. Bəzi ev sahibləri isə evinin bir mərtəbəsində yaşayaraq, digər mərtəbələri müvafiq qiymətə qonaqlara təklif edir. Burhaniyədə dəniz təmiz olsa da, Ören sahilində su çox soyuq olur. İsti dəniz suyunu sevənlər Altur, Altınoluk, Bedavuta üz tutmalıdırlar.

Ayvalık müsafir olduğumuz Örendən 20 dəqiqə uzaqdadır. Həftə sonları orada dəniz turuna çıxmaq mümkündür. Bir nəfər üçün 50 lirəyə yunan adalarına getmə olar. 12:00-da yola düşən gəmi 20:00-da artıq limana qayıtmış olur. Yol boyu əyləncəli oyunlar, şou, yemək və meyvə tabağı qonaqlara təklif edilir. Səfər boyu üç dəfə adaların yanında dayanaraq qonaqlara üzmək imkanı verilir. Cunda adasını ziyarət etmək də tura aiddir. Qonaqlar bir saat boyunca adada vaxt keçirə bilirlər. Gəmidə qiymətlər də münasibdir. 20 lirəyə pivə, 10 lirəyə dondurma, 2 lirəyə armudu stəkanda çay təklif edirlər.
Burhaniyəyə getdinsə, Akcaya baş çəkməmək mümkün deyil. Dəniz suyu ilıq olan Akcay alış-veriş etməyi sevənlər üçün ideal məkandır. Çünki Akcay bazarında istənilən geyim, aksesuar, suvenirlər, əl işi olan ləvazimatlar tapa bilərsiniz. Akcay mərkəzdən avtomobillə 15 dəqiqəlik məsafədə isə böyük alış-veriş mərkəzi var.

Balıkəsirə bağlı olan bu ərazilərdə evlərin qiyməti uyğundur. Məsələn, siz hazırda 30-40 min manata burada 2 və ya 3 mərtəbəli evə sahib ola bilərsiniz. Burhaniyədə evlərin böyük hissəsi bu şəkildədir.

Burada, ümumiyyətlə, Türkiyədə tətilə gəldinizsə və azı 5 gün qalacaqsınızsa, mütləq icarəyə avtomobil götürməlisiniz. Çünki taksilər çox bahadır və yetərincə gəzmək, əylənmək üçün sizə nəqliyyat lazımdır. Taksidən istifadə etsəniz, tətilə ayırdığınız büdcənin yarısı sadəcə buna xərclənə bilər.

Alış-veriş sevənlərdənsinizsə, burada Türkiyənin və Avropanın məşhur brendləri mövcuddur. Bundan əlavə, siz Edremit mərkəzə də üz tuta bilərsiniz. Məşhur geyim brendlərinə rast gəlməsəniz də, uyğun qiymətə olan geyim mağazaları yol boyu düzülüb.

Burhaniyəyə gedənlərin istirahətinə xoş anlar qatacaq bir məkan da Hasanboğuldu şəlaləsidir. Kaz dağlarından süzülüb gələn, yaşıllıqla bol meşənin içərisində yerləşən şəlalə təbiət sevərlər üçün vazkeçilməz məkandır. Hasanboğuldunun bazarı da gələnlərin qida ehtiyacını ödəmək üçün onların ixtiyarına verilib. Meşə içərisində restoranlarla yanaşı sakinlər üçün skamyalar və manqallar da var və bunlar pulsuzdur. Yəni insanların az pul xərcləyərək istirahət etməsi üçün imkanlar mövcuddur.

Ümumiyyətlə, burada hər yeri gəzmək, yetərincə görmək, dincəlmək üçün sizə ən azı 15 gün lazımdır. Rus turistlərin “işğalına” məruz qalmamış, ərəblərin küçələrdə dolaşmadığı, sakit, dincəlmək üçün yer axtarırsınızsa buralar tam sizlikdir. Çantaları toplayın, xoş istirahətlər.

Könül İbrahim,
Fotolar: Məhəmməd Türkmən
Musavat.com

  DİGƏR XƏBƏRLƏR