Sağlamlığımıza qənim kəsilən trans yağlar

AQTA yağ bazarına nəzarəti gücləndirir

“İnsan istehlakı üçün nəzərdə tutulan yağların tərkibində trans yağların miqdarı 2%-dən yuxarı olmamalıdır. Agentlik bu sahədə nəzarət tədbirlərini genişləndirir”. Bu sözlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaydığı açıqlamada öz əksini tapıb. AQTA-dan bildirilir ki, gündəlik istehlak olunan əsas qida məhsullarına daxil olan yağlar tərkiblərindəki yağ turşularının xüsusiyyətlərinə görə qidalanmaya və sağlamlığa təsir edir:

“Son zamanlar aparılan müxtəlif elmi araşdırmalar nəticəsində doymuş yağ turşuları ilə yanaşı, trans yağ turşularının da sağlamlığa mənfi təsiri öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və  Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən, dünyada aparılan elmi araşdırmalara istinad edilərək, trans yağların insan orqanizmi üçün təsirlərinin elmi əsaslarla risk qiymətləndirməsi aparılmış və həmin araşdırmalar nəticəsində bu yağların insan sağlamlığına mənfi təsiri öz təsdiqini tapmışdır. Bununla bağlı geniş elmi hesabat ictimaiyyətə təqdim olunacaq. Ümumiyyətlə, doymuş yağ turşularından əmələ gələn yağların çoxu otaq temperaturunda qatı (sərt), tərkibində doymamış yağ turşuları olan yağlar isə maye halında olur. Qidalarda ən çox rast gəlinən bəzi doymuş yağ turşuları palmitin, stearin və miristin turşularıdır.   Doymuş yağ turşularının enerji dəyərinin digər yağ turşuları ilə eyni olmasına baxmayaraq, orqanizmdə yağ toplanması və çəki artımına səbəb olduğu məlumdur. Eyni zamanda trans yağ turşuları ilə qidalanma insulinə qarşı rezistentliyin əmələ gəlməsinə şərait yaradaraq, diabetə meyilliliyi artırır və xroniki iltihabi proseslərin inkişafına səbəb olur”.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, bitki və balıq yağlarının dadını qorumaq, fiziki xüsusiyyətlərini dəyişmək, ömrünü uzatmaq və istifadə imkanlarını artırmaq məqsədilə doymamış yağ turşularının qismən hidrogenləşdirilməsi aparılır və bu zaman trans yağ turşuları yaranır: “Aparılan araşdırmaların nəticəsi olaraq bildirilir ki, gündəlik qida məhsullarında müəyyən olunmuş normadan artıq trans yağların qəbulu ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Həmçinin trans yağ turşularının xərçəng, piylənmə, alzeimer, dölün inkişafdan qalması, körpələrdə mərkəzi sinir sisteminin inkişafına mənfi təsir etməsi, diabetə meyilliliyi artırdığı da müxtəlif araşdırmalarda müəyyən edilmişdir. Bundan əlavə, araşdırmalar göstərir ki, trans yağları yaddaş pozuntusu və süd vəzisi xəstəliklərini inkişaf etdirir, hər iki cinsdə sonsuzluq yaradır, immun sisteminə mənfi təsir göstərir.  Hazırda bir çox inkişaf etmiş ölkələrdə trans yağlarının qida məhsullarındakı miqdarı ciddi şəkildə tənzimlənməkdədir. Avropa Birliyi və bir sıra digər ölkələrdə qida məhsullarının tərkibində olan trans yağları üçün ən yüksək hədd 2% miqdarında təyin edilmiş və qablaşdırma üzərində miqdarının qeyd olunması zərurəti tələb kimi qoyulub.  Bununla əlaqədar olaraq, insan istehlakı üçün nəzərdə tutulan yağların təhlükəsizlik göstəriciləri ilə bağlı AQTA tərəfindən nəzarət tədbirlərinin gücləndirilməsi və daha sərt tənzimləmə işlərinin həyata keçirilməsi nəzərdə tutulub”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a açıqlamasında məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  AQTA-nın bu addımını müsbət qiymətləndirərək, ölkədə yağların tərkibinə nəzarətin gücləndirilməsinin vacibliyini vurğuladı:“Yağların tərkibinin araşdırılması çox önəmlidir. Demək olar ki, hər gün Azad İstehlakçılar Birliyinə kərə yağlarının  tərkibi ilə bağlı şikayət daxil olur. Uzun müddət idi ki, Yeni Zellandiyadan gətirilən kərə yağları ilə bağlı şikayətlər daxil olurdu. Ona görə də mən Yeni Zellandiyaya səfərə gedəndə orada Azərbaycan üçün yağ istehsal olunan zavodlara baş çəkdim, hətta heyvanların saxlanıldığı fermer təsərrüfatına da getdim. Ancaq bu qədər yağ növləri var, onların hər birinin istehsal olunduğu müəssisəyə gedib nəzarət etmək mümkün deyil”.

E.Hüseynov qeyd etdi ki, hazırda Azərbaycanın yağ bazarı çox çirklənib və AQTA-nın bu təşəbbüsü çox zəruridir:“Xüsusən də yağların markalanması çox önəmli məsələdir. Mağazalarda bitki spredi olan yağlar satılır ki, onların üzərinə inək şəkli vurulur. İstehlakçı elə bilir ki, bu kərə yağıdır. Ancaq bitki spredi olduğu açıq-aydın şəkildə  yazılmır. AQTA bazarda nəzarət işini aparmalıdır və cəmiyyət də ona dəstək verməlidir. İstehlakçılar yaxınlaşıb eyni temperaturda olan yağları sıxa bilərlər, hansı  bərkdirsə, o, kərə yağına daha yaxındır. Kərə yağını kəsəndə o parçalanıb tökülməlidir. Trans yağlar insan səhhətinə həddindən artıq ziyandır və bunun üçün də ciddi laboratoriyalaşma getməlidir”.

Seyfəddin Əsəd ile ilgili görsel sonucu

Tanınmış həkim Seyfəddin Əsəd də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, trans yağlar insan səhhətinə mənfi təsir edir: “Dünyanın bir çox ölkələrində palma yağlarını artıq qadağan edirlər. Çünki palma yağının tərkibindəki qatqılar kanserogen maddə daşıyır və xərçəng  xəstəliyinin artmasına səbəb olur. Bu yağ insanların mədə-bağırsaq, böyrək, qara ciyər və sinir sistemini sıradan çıxarır. Əgər AQTA-nın bu qərarına əməl olunsa, xeyli dərəcədə insanların sağlamlığına müsbət dəyişikliklər təsir edəcək. İnsanlar çox zaman duru yağları işlətməyə meyl edirlər, ancaq duru yağlarda qatqılar daha çoxdur. Duru yağların üstünlüyü odur ki, həm qiyməti ucuzdur, həm də soyuducuda saxlamağa ehtiyac yoxdur, istənilən şəraitdə saxlamaq olur. Ancaq duru yağların tərkibində soya yağı, texniki palma yağları da olur. Ona görə yağ alarkən diqqətli olmaq lazımdır”.

Nərgiz LİFTİYEVA,

  DİGƏR XƏBƏRLƏR