“Şanxay”dan geriyə qalan 21 ev: söküntü saxlanılıb, ailələr acınacaqlı halda – REPORTAJ

Bu yerin adını ilk dəfə eşidəndə hər kəsin ağlına Çinin Şanxay bölgəsi gəlir. Ancaq bura Bakının mərkəzində yerləşən “Şanxay” qəsəbəsidir.

Qəsəbənin adının maraqlı tarixçəsi var. Deyilənlərə görə, bu qəsəbədə Hacı Salman adlı kişi yaşayırmış. Bir dəfə o, Çinin Şanxay şəhərinə gedib. Kişi geri qayıdanda məhəllə sakinləri ondan səfər etdiyi yerlərin necə olduğunu soruşublar.

Hacı Salman cavab verib: “Ora məhəlləmizdən heç də fərqlənmir. Orada da qatarlar evlərin yanından keçir, burada da”.

Beləliklə, sakinlər yaşadıqları məhəlləyə “Şanxay” adı veriblər. O vaxtdan hamı buranı “Şanxay” kimi tanıyır.

Ötən əsrin 50-ci illərinin əvvəllərindən Nizami rayonunda mövcud olan qəsəbə isə indi tarixə qovuşmaq üzrədir.

Oxu.Az-ın əməkdaşları son aylarını, bəlkə də həftələrini yaşayan “Şanxay”a baş çəkiblər.

2017-ci ildən söküntü işlərinin aparılacağı deyilən ərazidə 455 ev artıq sökülüb. 21 ev isə söküntü növbəsini gözləyir. Söküntüyə səbəb qəsəbədəki evlərin dəmir yolunun düz kənarında yerləşməsidir.

Söküntü işləri ilə tanış olmaq üçün qəsəbəyə yollandıq. Bir vaxtlar görməyə alışdığımız mənzərədən əsər-əlamət qalmayıb. Bəzi evlərin müəyyən hissəsi, bəziləri isə tamamilə sökülüb.

Əvvəl

İndi

Sakinlərlə söhbətimizdən belə aydın olur ki, “Şanxay” qəsəbəsində qeydiyyata alınan 21 evin söküntü vaxtı məlum deyil. Onlar söküntü işlərinin hansı səbəbdən dayandırıldığını da bilmirlər.

Bizimlə söhbət edən Şükufə nənə onun evinin sökülüb-sökülməyəcəyi ilə bağlı heç bir xəbərdarlığın edilmədiyini bildirib:

“Sökülmə ilə bağlı bizə heç kim məlumat verməyib. Ətrafdakı evlər sökülüb, bircə mənim evim qalıb. Gecələr buralarda küçə itləri sürü ilə dolaşır. Çox qorxuruq. Dünən evin həyətində ilan öldürmüşəm. İlanlar tez-tez ərazidə görünür. Deyilənə görə su ilanıdır. Amma mən dəqiq bilmirəm. Antisanitariya isə öz yerində… Söküntüdən sonra ərazidə zəif külək olan kimi toz-torpaq əlindən tərpənmək olmur. Çox çətindir. Uşaqlarımızı bir dəqiqə nəzarətsiz qoya bilmirik”.

Ərazidəki bir ev daha çox diqqətimizi çəkdi. Ev sahibinin sözlərinə görə, söküntü işləri yarımçıq dayandırılıb və ona kompensasiya ödənilməyib. O deyib ki, bir neçə ay əvvəl evin qazını və işığını kəsiblər və ailə bu müddət ərzində belə çətin vəziyyətdə yaşamaq məcburiyyətində qalıb. O bildirib ki, evdə qoca anası və azyaşlı uşaqları da var və bu acınacaqlı vəziyyətdə onların yaşaması qeyri-mümkündür.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq.

QSC-dən verilən məlumata görə, Dəmir Yolunun 2-ci blok-post – Böyük Şor mənzilində (el arasıda “Şanxay” adlanan yerdə) dəmir yolunun mühafizə zolağında qeyri-qanuni tikililər söküləndən sonra ərazi təmizlənir.

“Həmin ərazidə dəmir yolunun mühafizə zolağında 476 qeyri-qanuni tikili var idi. Əksəriyyəti sökülüb. 21 ev müəyyən səbəblərdən hələ sökülməyib.

Hazırda qatarların təhlükəsiz hərəkətinin təmin etmək üçün tədbirlər görülür. Söküntü materialları daşınır, ərazi təmizlənir. Dünya təcrübəsində olduğu kimi, Azərbaycan Dəmir Yollarında da sürətli qatarların təhlükəsiz hərəkəti və insanların təhlükəsizliyinin təmin olunması üçün mühafizə zolağı boyunca, xüsusilə təhlükəli ərazilərdə çəpərləmə və hasarlama işləri aparılır”.

  DİGƏR XƏBƏRLƏR