Sirli xəstəlik – Vitiliqo

Vitiliqo dəriyə düşən ağ ləkələrdir. El arasında bu xəstəliyə “piqment pozuqluğu” da deyilir. Amma piqment pozuqluğu ilə vitiliqo arasında böyük fərq var. O olduqca ciddi bir xəstəlikdir. Vitiliqonun əsl səbəbi hələ də tibb elminə məlum deyil. Amma ilkin mülahizələrə görə, vitiliqonun yaranma səbəbi orqanizmdə melanin hüceyrələrinin itkisidir.

“Qafqaz Xəbər” qəzeti  axşam.az-a istinadən xəbər verir ki, melanin hüceyrələri dəriyə rəng verir. Onlar parçalanıb, dağılanda dərinin həmin hissələri ağarmağa başlayır. Melaninlərin dağılmasına səbəb immunitetin olduqca aşağı düşməsi və ya dərinin zədələnməsidir. Vitiliqo zamanı dəridə olduqca açıq rəngdə, qıraqları tünd xətli ləkələr əmələ gəlir.

Xəstəliyin məkanı üz, dodaq, boyun, sinə, cinsiyyət orqanı, dirsək və əllərdir.

Əgər insanda gözün tor gişasının rənginin dəyişməsi, qaş, kirpik və saçın tökülməsi, dəridə ağ ləkə əmələ gəlməsi və həmin yerdə tükün ağarması, ağzın kənarlarında rəng dəyişikliyi, dərinin get-gedə qocalması halları müşahidə olunursa, demək həmin şəxs “vitiliqo” xəstəliyinə tutulub.

Səbəb nədir?
Vitiliqonun yaranmasının ilkin səbəbi avto – immun sisteminin fəaliyyətinin pozulmasıdır. Xəstələrin 60 faizində isə vitiliqonun yaranmasına səbəb genetik faktorlardır. Əgər nəsildə kimdəsə vitiliqo olubsa, bu övlada və ya nəvəyə ötürülür. Stress də xəstəliyin yaranmasına səbəb olan risk faktorlarındandır. Stress melanin hüceyrələrini korlayır və dəri öz rəngini itirməyə başlayır.

Kimlər risk altındadır?
· Diabet xəstələri
· Sinir sistemlərində problem olanlar
· Göbələk xəstəliyinə meyilli olanlar
· Xərçəng xəstələri
· Bədənində günəş yanığı olanlar
· Plastik əməliyyat etdirənlər

Xəstəliyin dəhşətli fəsadları:
Bədənin hansısa bir yerində kiçik ağ ləkə əmələ gəldikdə dərhal həkimə müraciət etmək lazımdır. Əks halda bu ləkə böyüyərək, daha dəhşətli fəsadlar ortaya çıxarar. Müalicəsiz qalan vitiliqo xəstəliyinin xərçəngə çevrilmə risqi böyükdür. Əksər hallarda isə vitiliqo xəstələrində tiroit xəstəlikləri meydana gəlir. Xəstədə qan azlığı başlayır. Vitiliqoya düçar olan adamda get-gedə keçəlləşmə olur. Zaman keçdikcə bədənin bütün hissələrində və başda tük olmur.

Müalicə necə aparılmalıdır?
Əvvəlcə xəstəliyin yaranma səbəbi aşkarlanır. Müalicə zamanı xəstədəki ağ ləkələrin ölçüsü, olduğu yer, xəstənin yaşı kimi faktorlar nəzərə alınmalıdır. Hər xəstəyə eyni müalicə metodu tədbiq olunmur. Vitiliqo xəstələri daim günəşdənqoruyucu kremlər istifadə etməlidir. Xəstəliyin birdəfəlik müalicəsi yoxdur. Dərman vasitəsilə onun irəliləməsinin qarşısını almaq mümkündür. Son zamanlar vitiliqo üçün tətbiq olunan ən təsirli üsul lokal ultrabənövşəyi B (UVB) işıq müalicəsidir. Bu müalicə yalnız bədənin ləkə olan bölgələrinə tətbiq olunur. Beləcə, ləkənin böyüməsinin qarşısı alınır. Xəstəlik zamanı cərrahi müdaxilə də edilir. Bu, yalnız kiçik olan ağ ləkələrin aradan qaldırılması zamanı əlverişlidir.

Profilaktik tədbir:
A, B, C, E vitaminləri, mis, sink və manqan kimi mikroelementlər qəbul edin. Ləkələri görünməz etmək üçün ağaran hissəyə qaralmaq üçün lazım olan lasyonlardan çəkmək olar. Siqaretdən uzaq olmaq mütləqdir. Günəş altında gəzmək qətiyyən olmaz. Əgər günəleyhinə istifadə edilən kremlər qaşınti verirsə, ondan uzaq durmaq lazımdır. Çoxlu qoyun əti, banan, portağal,  limon, fındıq, cəfəri, kartof, kələm, alma, lobya, üzüm, sazan balığı, göbələk yemək məsləhətdir.

  DİGƏR XƏBƏRLƏR