ABŞ dövlət borcu: alan kim, xərcləyən kim

ABŞ dünyada dövlət borcu ən yüksək olan ölkələrin siyahısında birinci yerdədir. Hazırda bu ölkənin daxili və xarici dövlət borcu ÜDM-in 110 faizinə bərabərdir – 22 trilyon dollardan yuxarı bu məbləğin 6,5 trilyon dollarını dövlət borc kağızları təşkil edir.

Zaman-zaman ABŞ dövlət borcları ilə bağlı məsələlər dünya mətbuatında müzakirə olunub. Xüsusilə xarici borc limitinə müəyyənləşdirilmiş tavanın artırılmasına dair Vaşinqtonda aparılan müzakirələr dünya mətbuatının diqqətində olub. Ötən ildən isə ABŞ-ın Çin, Rusiya və İrana qarşı rüsum və sanksiya siyasəti bu ölkənin xarici dövlət borcları ilə bağlı vəziyyəti yenidən gündəmə gətirib. Belə ki, ABŞ-dan iqtisadi qadağa və sanksiyalara məruz qalan ölkələrin Vaşinqtonun dövlət qiymətli kağızlarını kütləvi şəkildə geri qaytarması imkanları geniş müzakirə olunmaqdadır.

Beynəlxalq analitiklərə görə, qeyd olunan 3 ölkədən yalnız birinin – Çinin ABŞ kağızlarından imtinası nəinki Trampın ölkəsinə, həm də Pekinin özünə böyük problemlər yarada bilər. Məsələ burasındadır ki, ABŞ dövlət qiymətli kağızlarının ən böyük alıcısı yaxın müddətədək 1trilyon 110 milyard dollarla Çin idi. İyun ayında Yaponiya irihəcmli 23 milyard dollarlıq alışlarla bu səviyyəni bir neçə milyard dollar keçməklə, ABŞ-ın ən çox borclu olduğu ölkəyə çevrilib.

ABŞ Maliyyə Nazirliyinin bu günlərdə açıqladığı statistikaya görə, 2015-ci ildən ABŞ qiymətli kağızlarına investisiyaları azaltmaq siyasəti yürüdən Yaponiya 2018-ci ilin ikinci yarısından etibarən tamam əks mövqe nümayiş etdirməyə başlayıb. Nəticədə 1 trilyon 122 milyard dollarlıq ABŞ borc kağızını almaqla Yaponiya 1 trilyon 112 milyard dollarlıq belə kağızlara malik Çini arxada qoyub.

Maraqlıdır ki, ötən ildən Prezident Donald Trampın təşəbbüsü ilə başlanan ticarət savaşında iştirakçı olmaq məcburiyyətində qalan Pekin ABŞ borc kağızlarını kəskin azaltmaq yolunu nəinki tutmur, əksinə, az da olsa, onların alışını artırır.

Getdikcə daha da kəskinləşən ABŞ sanksiyalarına məruz qalan Rusiya isə son illərdə bu ölkənin qiymətli kağızlarından azad olmaq siyasəti yürüdür. Ötən ilin əvvəlində bu ölkə malik olduğu 96 milyard dollarlıq borc kağızının həcmini ilin sonuna 15 milyard dollara endirib. Cari ilin ötən dövründə isə bu məbləğ 10,8 milyard dollara enib. Ötən ilki irihəcmli satışlar aprel ayında ABŞ Maliyyə Nazirliyinin Rusiyanın dövlət və iş adamlarına qarşı sanksiyaları açıqlamasından sonra başlanıb. Həmin vaxt ABŞ senatorlarından bir neçəsi Rusiyanın bu ölkənin qiymətli kağızlarına yatırılmış valyuta ehtiyatlarının bloklanmasını təklif etmişdi. Xarici mətbuatda bununla bağlı ciddi müzakirələr açılmışdı. Nəzərə alsaq ki, ABŞ-ın belə bir addım atması üçün real imkanlar var, – bu ölkənin qiymətli kağızlarını alan ölkələr onu öz ərazilərində saxlaya bilməzlər,-onda Rusiyanın tələm-tələsik addımının səbəbi məlum olur.

ABŞ borc kağızlarını əlindən çıxaran Rusiya Çin yuanı, avro və qızıla investisiyaları sürətlə artırır. Məlumat üçün bildirək ki, Rusiyanın qızıl-valyuta ehtiyatlarının həcmi avqustun 9-u üçün 527,1 milyard dollar təşkil edib. Bu zaman 2-9 avqust həftəsində bu ehtiyatlar 10,2 milyard dollar artıb. Rusiya neftin 40 dollardan yuxarı qiymətindən əldə olunan bütün vəsaitləri ehtiyatlarının artırılmasına yönəldir.

Qeyd edək ki, Rusiyadan fərqli olaraq Çinin qısa zamanda ABŞ borc kağızlarından qurtulmaq şansı yoxdur. Belə ki, kağızların çoxu orta və uzunmüddətlidir. Çünki qısamüddətli kağızların gəlirlilik səviyyəsi çox aşağıdır. Buna görə də bütün dövlətlər kimi,Çin də əsasən orta və uzunmüddətli ABŞ qiymətli kağızlarını əldə edib. Onların hamısını qısa müddətə satmaq faktiki olaraq mümkün deyil. Digər tərəfdən isə 1,1 trilyon dollardan yuxarı borc kağızının satışa çıxarılması dünya fond birjalarında elə təlatüm yarada bilər ki, bundan yalnız ABŞ deyil, Çinin özü də böyük zərər görə bilər. Nəhayət, Çin hər il ABŞ bazarında 650-700 milyard dollarlıq mal satır. Bu satışdan əldə olunan dolları harasa yatırmaq lazımdır ki, burada da köməyə ABŞ qiymətli kağızları gəlir.

Qeyd olunanlar göstərir ki, bütün hədə-qorxulara rəğmən, Çinin borc kağızları ilə ABŞ-ı çökdürmək imkanı sadəcə, mövcud deyil. Rusiyanın satdığı 100 milyard dollarlıq kağız isə ABŞ üçün heç bir problem yaratmır.Çünki bu, 22 trilyon dollarlıq “dəryada” yalnız damla ola bilər.

ABŞ isə heç nəyə baxmadan borc kağızlarının buraxılışını getdikcə artırır. Bu kağızlar müxtəlif müddətə və müxtəlif gəlirlilik dərəcəsi ilə buraxılır. Onlar arasında veksellər ən az populyar olan kağızlardır – bir ilə qədər müddəti olan bu kağızların faizi də çox aşağıdır. 1-10 illik dövrü əhatə edən ortamüddətli kağızların illik faiz dərəcəsi 0,3-2,6 arasında dəyişir. 10-30 illik müddəti olan uzunmüddətli kağızların illik gəlirlilik dərəcəsi 3,2 faizdir. Bunlar ABŞ qiymətli kağızları arasında ən etibarlısıdır – illik faizdən əlavə, dövlət onların inflyasiya itkilərini də kompensasiya edir.
2016-cı ildə Donald Tramp prezidentliyə namizəd olarkən 8 ildə dövlət borcunun həcmini azaltmağı vəd etmişdi. Amma onun hakimiyyətdə olduğu dövrdə borcun həcmində 10 faizlik artım qeydə alınıb. Analitiklər hesab edirlər ki, bu artım prosesi davam edəcək.

ABŞ-ın xarici və daxili dövlət borcu hazırda bu ölkənin ÜDM-nin 110 faizinə bərabərdir. Lakin Rusiya analitiklərinin rəyinin əksinə, bu borc ABŞ dövləti üçün hər hansı təhlükə yaratmır. Çünki bu borcun arxasında ondan dəfələrlə yuxarı dəyərli iqtisadiyyat dayanır. Bu ölkənin dəyəri 100 milyard dollardan yuxarı olan 30 şirkətindən 6-nın – Facebook, Alphabet, Microisoft, Amazon, Apple и Berkshire Hathaway – ümumi bazar dəyəri 3,4 trilyon dollar təşkil edir. Bu, Çin və Yaponiyanın malik olduğu ABŞ borc kağızlarının həcmindən də yuxarı bir məbləğdir.

Qeyd edək ki, ABŞ-da dövlət borcunun yuxarı həddi üçün limit müəyyənləşdirilib. Lakin son illərdə ABŞ hökuməti artan dövlət borcunu azaltmaq deyil, bu limiti yüksəltmək siyasəti yürüdür. Buna görə də gələn ay borc limitinin yenidən qaldırılması gözlənilir.

Bəs, görəsən, ABŞ hökuməti bu qədər borcu hara xərcləyir? Cavabı tapmaq üçün büdcənin ən böyük xərclərinə nəzər yetirək. Belə ki, bu ölkənin büdcəsinin əsas xərc maddələrindən biri səhiyyədir: hər il ABŞ hökuməti bu sahədəki müxtəlif proqramların icrasına, konkret xəstəliklərin daşıyıcılarının və 65 yaşdan yuxarı vətəndaşların müalicəsinə, aztəminatlı şəxslərin tibbi xidmətlə təmin olunmasına ABŞ hökuməti 1,1 trilyon dollar xərcləyir.
Daha 1 trilyon dollar təqaüdçülərin və əlillərin sosial müdafiəsinə yönəldilir.

ABŞ öz müdafiəsinə və müxtəlif ökələrdəki hərbi iştirakına hər il 1,3 trilyon dollar sərf edir. Büdcənin digə iri xərc maddələri ictimai nəqliyyat, təhsil və beynəlxalq siyasətdir.

DÜNYA,

  DİGƏR XƏBƏRLƏR