Ali məktəblərə qeydiyyat başlayıb – VİDEO

Bu gündən etibarən ali təhsil müəssisələrinə qeydiyyat başlayıb.Xezerxeber.az-ın məlumatına görə, bu gün ali məktəblərə daxil olanlar qeydiyyat üçün səhər saatlarından universitetlərə üz tutublar. Odur ki, ali məktəblərin qarşısında sıxlıq yaranıb.

Bu il ən çox tələbənin daxil olduğu Bakı Dövlət Universitetində də qeydiyyat üçün uzun növbələr yaranıb.

Qeyd edək ki, tələbə adı qazanan şəxslər avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Bu gün həmçinin ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin də ixtisas seçimi aparılır. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçimi avqustun 15-dən 19-dək davam edəcək.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə I, II, III və IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Qruplar üzrə bəzi seçilmiş ixtisaslara isə ödənişli əsaslarla qəbul aparılan yerlərinin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

  DİGƏR XƏBƏRLƏR