Bu ölkədə Prezident sarayı mühasirəyə alındı

Yəməndə Cənub Keçici Şurasının separatçı qüvvələri ilə ordu arasında gedən döyüşlərdə ölkənin cənub paytaxtı Ədənin bir çox obyektləri qiyamçıların əlinə keçib.

Axar.az xəbər verir ki, ölkənin cənub bölgəsində yaradılmış şuranın silahlı dəstələri Prezident sarayını mühasirəyə alıblar. Küçə döyüşlərində ən azı 23 nəfərin həlak olduğu bildirilir. Onların bir hissəsi dinc şəhər sakinləridir.

Avqustun 10-da, səhər saatlarında Yəmənin Müdafiə naziri Məhəmməd əl-Makdisi və baş qərargahın rəisi Abdulla əl-Nəvai ölkə Prezidentini dəstəkləyən bəyanatlar veriblər. Onlar bildiriblər ki, Silahlı Qüvvələr qanuni seçilmiş dövlət başçısının tərəfindədir və ölkənin bütövlüyünə zərbə vurmaq istəyənləri məhv edəcəklər. Lakin bir neçə saatdan sonra separatçılar paytaxtın əsas obyektlərini ələ keçirə biliblər və hökumət qüvvələrini sıxışdırıblar. Günorta saatlarında Yəmən səmasında Səudiyyə Ərəbistanının hərbi təyyarələri görünüb və onlar separatçıların mövqelərini bombalayıb.

Cənubi Yəmənin paytaxtı 2018-ci ilin yanvarında Cənub Keçici Şurasının əlinə keçmişdi və onun lideri Aydares əz-Zübeydi qanuni Prezident Əbürəba Mansur Hadini devirdiyini elan etmişdi. O, hazırkı dövlət başçısını “Müsəlman qardaşları” hərəkatının bir qolu olan islamçı “Al-İslah” partiyasının tərəfdarı adlandırmışdı. Yəmən hökuməti Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən separatçılara qarşı mübarizədə dəstək istəmişdi. Ölkənin şimal paytaxtı Səna şəhəri isə qiyamçı husitlərin nəzarəti altındadır.

     

      DİGƏR XƏBƏRLƏR