Büdcədən uşaqlar üçün ayrılan müavinəti valideyinlər niyə ala bilmir?

Bu ilin ilk altı ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 34 min 241 uşağın anadan olmasına görə birdəfəlik müavinət verilib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumalara istinadən apardığı hesablama göstərir ki, uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət  yeni doğulan uşaqların hamısını əhatə etməyib.
Məlumat üçün bildirək ki, bu ilin ilk altı ayı ərzində Azərbaycanda 66 min 687 doğulmuş körpə qeydə alınıb. Bu isə o deməkdir ki, doğulmuş körpələrin 48,6% və ya 32 min 446-sı birdəfəlik müavinət almayıb.
Onu da qeyd edək ki, son illər uşağın anadan olmasına görə verilən birdəfəlik müavinəti alanların sayı azalmaqdadır.
Müqayisə üçün bildirək ki,  ötən ilin ilk yarısında doğulmuş körpələrin 41,1%-i, 2017-ci ilin ilk yarısında isə 35,5%-i birdəfəlik müavinət almayıb.   Belə ki, ötən ilin ilk altı ayında ölkədə 66 min 166 doğulmuş körpə qeydə alınıb və onlardan 38 min 685-inə birdəfəlik müavinət verilib. 2017-ci ilin ilk 6 ayında isə ölkədə 68 min 885 doğulmuş körpə qeydə alınıb və onlardan 44 min 438-inə birdəfəlik müavinət verilib.

Tarix

Doğulmuş körpə

Müavinət alanlar

Müavinət almayanlar

Almayanların
Nisbəti

Bir uşağa verilən müavinət

2017 ilk 6 ay 68 885 44 438 24 447 35,5 % 90 manat
2018 ilk 6 ay 66 166 38 685 27 481 41,1% 99-109 manat
2019 ilk 6 ay 66 687 27 481 32 446 48,6 % 109-200 manat

2019-cu ilin ilk yarısında uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətin məbləğinin 109 manat (aprelin 1-dən 200 manat) olduğunu nəzərə alsaq, o zaman büdcədən ayrılan milyonlarla manat vəsait “ünvanına çatmayıb”.
Aparılan müşahidələr onu göstərir ki, birdəfəlik müavinətin valideynlər tərəfindən alınmamasının əsas səbəblərindən biri, onların rəsmi iş yerlərinin olmamasıdır. Uşağın valideynləri işlədikləri halda birdəfəlik müavinət iş yerindən ödənilir.
Lakin, rəsmi iş yerləri olmadığı üçün valideyinlər müavinəti ala bilmək üçün əlavə sənədlər təqdim etməlidirlər ki, əksər valideyinlər 109 manat (aprelin 1-dən 200 manat) üçün bu əziyyətə baş vurmaq istəmirlər. Birdəfəlik müavinətin alınması üçün uşağın valideynləri işləmədikləri halda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) aidiyyəti rayon və ya şəhər şöbəsinə müraciət olunur. Bu zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilən “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavəyə əsasən, ata və ananın şəxsiyyət vəsiqələrinin surəti, uşağın doğum haqqında şəhadətnaməsinin surəti və uşağın doğulması haqqında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı, uşağın valideynlərinin məcburi dövlət sosial sığorta ödəyicisi olmaması barədə arayış, nigah şəhadətnaməsinin surəti, yaşayış yerindən arayış təqdim edilir.

  DİGƏR XƏBƏRLƏR