Çörəyimizə daha yağ sürtmürük – kərə yağı yeyənlər 28 faiz azalıb

Azərbaycanda kərə yağının istehlakı kəskin şəkildə azalıb. Dövlət Statistika Komitəsinin açıqladığı ərzaq balansından aydın olur ki, 2014-cü ildə ölkədə adambaşına illik kərə yağı istehlakı 4,7 kiloqram təşkil etsə də, 2018-ci ildə bu, 3,3 kiloqrama düşüb.

2018-ci ildə Azərbaycan əhalisi 32 min tondan artıq kərə yağı istifadə edib, bu da əvvəlki ildən 4,1 faiz azdır. Ötən il kərə yağı idxalı (9 759 ton) 9,5 faiz, yerli istehsal isə 6,6 faiz (23 638 ton) azalıb. Komitənin məlumatından o da aydın olur ki, 2014-cü illə müqayisədə (44 472 ton) Azərbaycanda kərə yağı istehlakı 28 faiz azalıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının tərtib etdiyi qida normasına görə, sağlam inkişafı təmin etmək üçün bir nəfər il ərzində 7,2 kiloqram kərə yağı istehlak etməlidir. Bu isə o deməkdir ki, Azərbaycan əhalisi kərə yağını bu normadan 2 dəfədən də az istehlak edir.

Statistika Komitəsinin məlumatına görə, kərə yağının istehlakı azalsa da, əvəzində bitki yağları və marqarinin istehlakı artır. Belə ki, ölkədə yerli istehsal və idxal hesabına marqarin yağının istehlakı 2015-ci ildəki 13 min tondan (adambaşına 1,4 kq) 2018-ci ildə 32,3 min tona (adambaşına 3,3 kq) yüksəlib. Bu məhsulun idxalı 2015-ci ildəki 205 tona qarşı ötən il 3 min 302 tona çatıb. Yerli istehsal isə 25 min tondan 47,2 min tona qədər artıb. Bu müddətdə marqarinin ixracı da müvafiq olaraq 16 600 tondan 2 744 tona düşüb.

Bitki yağlarına gəlincə, onların ərzaq məhsulu kimi istifadəsi 2015-ci ildə 119 min 672 ton, 2018-ci ildə isə 148 min 517 ton olub. Bu, adambaşına 12,6 kiloqramdan 15,1 kiloqrama qədər artım deməkdir.

Maraqlıdır ki, istehlak artsa da, bitki yağlarının yerli istehsalı kəskin azalıb. Belə ki, istehsal 2015-ci ildə 106 min 645 ton, 2018-ci ildə isə 71 min 143 ton təşkil edib. Əvəzində idxal artıb – müvafiq olaraq 129 min 126 tondan 150 min 534 tona. İxrac da kəskin azalıb – 2015-ci ildəki 59 min 529 tondan ötən il 14 min 501 tona qədər.

Qeyd edək ki, Azərbaycanda 3 növ yağdan ən ucuzu marqarin yağıdır. Hazırda müxtəlif qarışıqlardan hazırlanan marqarin yağlarının kiloqramı 2,5-5 manat arasında dəyişir. Bitki yağlarından istehsal ölkəsindən asılı olaraq günəbaxan yağının litri 2,5-4,5 manat, qarğıdalı yağının litri 3,2-5,6 manat, zeytun yağının litri 8-15 manat arasında dəyişir.

Azərbaycanda kərə yağının istehlakı niyə azalıb? Burada son illərdə sağlam həyat tərzi olaraq kərə yağından deyil, bitki yağlarından istifadənin təbliğ olunması nə qədər rol oynayır?

Natiq Cəfərli: ile ilgili görsel sonucu

Natiq Cəfərli: “Bu, qiymətlərdəki bahalıqla bağlıdır”

Sualları cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, ölkə əhalisinin kərə yağından istifadəni belə kəskin məhdudlaşdırmasında əsas rol oynayan faktor qiymətdir: “Məlum devalvasiya və böhrandan bəri – son beş ildə Azərbaycanda kərə yağının qiyməti iki dəfədən də çox artıb. Təxminən 6-7 manatdan 15-17 manatadək artım olub. Bu gün hətta istehsalçı ölkədən və keyfiyyətindən asılı olaraq 20-22 manata satılan kərə yağları da var. Bu isə kərə yağı istehlakının azalmasına, azgəlirli ailələrin alternativ yağlara – bitki və marqarindən istifadəyə keçməsinə səbəb olub. Burada da problem ondan ibarətdir ki, keyfiyyətli bitki yağlarının da qiyməti ucuz deyil. Bazarda isə hazırda ucuz bitki yağları üstünlük təşkil edir ki, bu da onların keyfiyyətini ciddi şübhə altına almağa əsas verir”.

Ekspert bildirir ki, kərə yağının insan orqanizminə zərərli olmasına dair formalaşmış rəy son illərdə xeyli dəyişib: “Yəni son illərdə kərə yağının insan orqanizmi üçün zərərli deyil, əksinə, faydalı olduğuna dair çoxsaylı elmi tədqiqatların nəticələri açıqlanıb. Kərə yağı belə zərərli olsaydı, Avropa və digər inkişaf etmiş ölkələrin əhalisi onu istehlak etməzdi. Əksinə, son illərdə bir çox ölkələrdə bızi bitki yağları, ümumiyyətlə, qadağan olunub. Məsələn, palma yağı. Bizdə isə palma yağının istehlakı sürətlə artır”.

Tanınmış həkim, xalq təbabəti ilə müalicəyə üstünlük verən Seyfəddin Əsədin “Yeni Müsavat”a dediyinə görə, təmiz kərə yağının insan orqanizmi üçün böyük faydaları var: “Gündə hər insan 50 qram təmiz kərə yağı istehlak etməlidir ki, orqanizm normal inkişaf etsin. Heyvani yağlar orqanizmdə maddələr mübadiləsini tənzimləyir, hüceyrələrin normal inkişafına səbəb olur”.

Seyfəddin Əsəd ile ilgili görsel sonucu

Seyfəddin Əsəd: “Azərbaycanda təmiz kərə və bitki yağı tapmaq müşkül məsələdir”

S.Əsəd bildirir ki, bu gün Azərbaycanda təmiz kərə yağının tapılması böyük problemdir: “Ayrı-ayrı ölkələrdən idxal olunan, eləcə də ölkədə istehsal edilən və kərə yağı adı ilə satılan yağların tərkibində qatışıqlar həddindən artıq çoxdur. Bu yağların istehlakını mən bir həkim kimi vətəndaşlara tövsiyə etmirəm. Tapa bilsələr, vətəndaşlarımız təmiz nehrə yağı istehlak etsinlər. Mən özüm də nehrə yağından istifadə edirəm. Kərə yağından az istifadəni yalnız hədsiz kök, xolesterini yüksək olan, damarlarında daralma müşahidə edilən insanlara tövsiyə edirik”.

Bitki yağlarına gəlincə, həkim deyir ki, insan bu yağların da təmizindən istifadə etməlidir: “Təəssüf ki, hazırda Azərbaycanda təmiz bitki yağını tapmaq da müşkül məsələdir. Vətəndaşlarımız gərək burada da ehtiyatlı olub, keyfiyyətsiz bitki yağlarından istifadə etməsinlər”.

Qeyd edək ki, Azərbaycanda istehlakı sürətlə artan marqarin yağları bütün dünyada insan orqanizmi üçün ən zərərli yağlardan biri hesab olunur. Əsasən şirniyyat, qənnadı sənayesində istifadə olunan bu yağların istehlakı inkişaf etmiş ölkələrdə getdikcə azaldılır…

Dünya SAKİT,

  DİGƏR XƏBƏRLƏR