Dünyanın ən böyük tenorlarından biri ABŞ-dakı karyerasını rüsvayçılıqla bitirə bilər

Lakin Avropada qadınlara sataşmaq ittihamı sənət çevrələrində “həlledici” sayılmır

Plasido Dominqo, son yüz ildə İspaniyanın və dünyanın ən böyük opera ulduzlarından biri sayılır. İndi 78 yaşına gələn tenor karyerasını minor notlarla bitirə bilər.

“The New York Times” qəzeti 9 qadının onu seksual sataşmalarda ittiham etdiyini yazıb.

“Associated Press” agentliyinin məlumatına görə, Plasido Dominqo əleyhinə 8 qadın müğənni və bir rəqqasə ittiham irəli sürüb. Bütün qadınlar tenorun opera dünyasındakı nüfuzundan istifadə edərək onları cinsi əlaqəyə girməyə məcbur etdiyini söyləyib. Cinsi istismar məsələsində həssaslıq göstərən ABŞ-dan fərqli olaraq Avropada fərqli mövqe sərgilənir.

ABŞ-ın Filadelfiya orkestri və San-Fransisko Operası daha uyğun şəraitin yetişməsinə qədər P.Dominqonun konsertlərini ləğv edib. Opera sənətinin daha populyar olduğu Avropada isə ispan tenordan belə asanlıqla vaz keçmək fikirləri yoxdur.

Müasir dövrdə Luçano Pavarotti və Xose Karrerasla birlikdə 3 böyük tenordan biri sayılan P.Dominqo üçün bu cür gəlişmə ABŞ-dakı karyerasında uçurum sayıla bilər.

Çünki onu da ABŞ-da Hollivudda, siyasətdə və mətbuatda belə ittihamlarla üz-üzə qalıb, sənət səhnəsidən silinən bir çox şöhrətlərin taleyi gözləyir. Məsələn, məşhur rejissor Ceyms Livayn Metropoliten-operadakı (Nyu-York) işinə son verildikdən sonra bir daha ictimaiyyət arasına çıxmayıb.

Lakin digər rejissor Daniele Qatti isə Avropada Amsterdamdakı Konsertqebau zalından qovulduqdan sonr Roma operasının musiqi rəhbəri təyin olunub.

İndi Doniqonun qurulmasında özünün də birbaşa iştirak etdiyi Los-Anceles operasının baş direktoru vəzifəsindən çıxarılması gündəmə gəlib.

Maraqlıdır ki, opera ulduzunun Avstriyada, Zalsburq festivalı çərçivəsində 25 və 31 avqust tarixlərində göstəriləcək Cüzeppe Verdinin “Luiza Miller” operasındakı çıxışı təxirə salınmayıb və qrafik olduğu kimi davam edir.

Festivalın prezidenti Helqa Rabl-Ştadler “The New York Times”a latınca “in dubio pro reo”, yəni “şübhə təqsirləndirilənin xeyrinə şərh edilir”, cümləsini işlədərək Plasido Dominqonun təqsirsizlik prezumsiyasına malik olduğunu deməklə kifayətlənib.

  DİGƏR XƏBƏRLƏR