Qəzaya düşən pilotumuzun nəşi tapıldı – 26 gün sonra…

Bu barədə  pilotun qayınatası Qabil Hüseynli məlumat verib.

“Pilotumuz Rəşad Atakişiyevin nəşi tapılıb. Bundan öncə bədəninin müəyyən hissələri tapılmışdı. Əvvəlki axtarışlarda ayaq hissələrindən qalıqlar tapılmışdı. Bu dəfə isə pilot oturacağı, bədənin digər hissələri də tapılıb. Tapılan bütün bədən hissələri analiz olunmaq üçün Patoloji və Anatomiya Birliyinə aparılacaq. Analizlərin uyğun gəlmə ehtimalı yüksəkdir. Çünki bədən hissələri ilə birgə tapılan pilot oturacağı onun olub”, – Hüseynli bildirib.

Q.Hüseynli bildirib ki, pilotumuzun meyiti Təzə Pir məscidində yuyulacaq və sabah səhər 9-da Yeni Yasamal, Dadaş Bünyadzadə 2 küçəsində vida mərasimi keçiriləcək. Vida mərasiminin rəsmi hissəsi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin (“Salyanski” kazarma) binasında olacaq.

Daha sonra pilotumuz 2-ci Fəxri Xiyabanda hərbi mərasimlə dəfn ediləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyi bu xəbəri təsdiq edib.

“İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.
Avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.
Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir”, – deyə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir.

  DİGƏR XƏBƏRLƏR