Respublikaçı konqresmen prezidentin təklif etdiyi yüksək vəzifəni qəbul etmədi

ABŞ konqresmeni (Texas ştatı) Con Retkliff Milli Kəşfiyyat Agentliyinin (MKA) direktoru vəzifəsini qəbul etməyib.

Qeyd olunur ki, C.Retkliffin namizədliyi prezident Donald Tramp tərəfindən keçən həftə irəli sürlümüşdü. Konqresmen bu vəzifədə prezidentlə bir çox məsələdə fikir ayrılığına düşən Daniel Koutsu əvəz etməli idi.

Prezident özü Con Retkliffin bu qərarını açıqlamağa məcbur qalıb.

“Bizim respublikaçı konqresmenimiz Con Retklifflə bərbad mətbuatımız olduqca ədalətsiz davranır. Mən Cona həm özünün, həm də ailəsinin bir çox iftiralara məruz qalacağını dedim. Buna görə də Con Konqresdə qalmağa və Texas əhalisini, xalqımızı təmsil etməyə qərar verib. Yeni namizəd haqqında qərarımı tez bir zamanda açıqlayacağam”,-deyə Donald Tramp tvitterdə yazıb.

Qeyd olunur ki, Milli Kəşfiyyat Agentliyi 11 sentyabr 2001-ci il terror hadisəsindən sonra yaradılıb və əsas vəzifəsi 16 kəşfiyyat strukturunun fəaliyyətinin koordinasiyasından ibarətdir.

Donald Tramp Retkliffin mətbuat tərəfindən gözədn salındığını qeyd etsə də, əslində onun təyinatı ən çox kəşfiyyat veteranları və parlamentin nüfuzlu üzvlərinin müqaviməti ilə qarşılaşmışdı.

Əsasən denokratlar C.Retkliffin bu işdə heç bir təcrübəsinin olmadığını və peşəkar qabiliyyətinin çatmadığını bildiriblər. Onların fikrincə, Con Retklifin namizədliyi kəşfiyyat orqanlarının siyasiləşməsinə gətirib çıxaracaq.

Demokrat senator Ron Uayden (Oreqon ştatı) Retkliffin əsasən Donald Trampın iradəsini yerinə yetirəcəyini və onun siyasi rəqiblərin təqib edəcəyini söyləyib. Demokrat partiyasının Senatdakı fraksiyasının rəhbəri Çak Şumer isə texaslı konqresmenin Donald Trampa kor-koranə şəkildə sadiq olduğunu, onun xüsusu prokuror Robert Müllerin hesabatı zamanı demaqoqcasına canfəşanlıq etdiyini xatırladıb.

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 23 illik veteranı Rolf-Movatt Larssen isə Donald Trampı kəşfiyyat üzərində şəxsi nəzarəti ələ keçirməkdə ittiham edərək, onun icraedici hakimiyyətdə hədsiz səlahiyyətlərə malik olmaq istədiyini söyləyib.

MKİ direktorunun keçmiş müavini Duqlas Uayz isə Retkliffin təyinatını hətta kəşfiyyat üçün “ekzistensial təhlükə” adlandırımşdı.

  DİGƏR XƏBƏRLƏR