“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib

Adətən İosif Stalinin iş günü köməkçisi və şəxsi katibi Aleksandr Poskrebışevin məruzələri və təqdim etdiyi sənədlərlə başlayıb. 1939-cu ilin əvvəllərində adi iş günlərinin birində də Poskrebışev sənədlərlə kabinetə daxil olub, keçiriləcək görüşlər və tədbirlər haqqında məlumat verib, imza atılacaq sənədləri qovluqda təqdim edib və əlindəki heç də kiçik olmayan zərfi kabinetin sağ tərəfində olan şkafın siyirməsinə qoyub. Diqqətini qarşısındakı qovluqdan ayırmayan Stalin Poskrebışevdən soruşub:

– Aleksandr Nikolayeviç, siyirməyə qoyduğunuz nədir?

– Yoldaş Stalin, bu nəşriyyatdan və redaksiyadan göndərilən pullardır. Yazdıqlarınızın qonorarıdır.

Stalin iş masasının arxasından qalxıb şkafa yaxınlaşıb, siyirməyə nəzər yetirib və orada çoxsaylı qalın, bağlı zərflər görüb:

– Demək, bunlar hamısı qonorardır? Hə, çox səxavətlidirlər, deməli, bizim narkomlar (nazirlər), katiblər də yazdıqlarından kifayət qədər pul alırlar. Aleksandr Nikolayeviç, bu pulları maliyyə komissarlığına köçürün…

Bu hadisədən sonra Stalin nəşriyyat və redaksiya rəhbərlərinə bir az qənaətcil olmağı tövsiyə edib. Sözsüz ki, bu hadisədən Mərkəzi Komitənin yüksək vəzifəliləri də xəbərdar olublar.

Həmin ilin noyabrında o dövrdə SSRİ Xalq Komissarları Sovetinin sədri (baş nazir) olan Vyaçeslav Molotov Siyasi Büroda Stalinin 60 illik yubileyi ilə bağlı Stalin mükafatının təsis olunmasını təklif edib. Təklifdə qeyd olunub ki, elm, ədəbiyyat, incəsənət, sahəsində, hərbi və ixtiraçılıq fəaliyyətində xüsusi fərqlənənlər bu mükafata layiq görülsün və mükafat fondu Stalinin yazdığı əsərlərdən aldığı qonorardan maliyyələşsin.

Beləliklə, 20 dekabr 1939-cu ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Stalin mükafatı təsis edilib.

Mükafat ilk olaraq 16 nominasiya – fizika-riyaziyyat, texnika, kimya, biologiya, kənd təsərrüfatı, tibb, fəlsəfə, iqtisadiyyat, tarix və filologiya, hüquq, musiqi, rəssamlıq, heykəltəraşlıq, arxitektura, teatr, kinematoqrafiya sahələri – üzrə müəyyənləşdirilib. Laureatların pul mükafatı 100 min rubl təşkil edib. Sonralar bu məbləğ dəyişib.

1949-cu ildə Stalin mükafatına daha bir nominasiya əlavə edilib. “Xalqlar arasında sülhü möhkəmləndirməyə görə” mükafatı beynəlxalq status daşıyıb.

Mükafatın verilməsi üçün xüsusi komisiya yaradılıb. Laureatlar komissiyanın ümumi rəyinə əsasən seçilib. Laureatlara pul mükafatı ilə yanaşı, orden də təqdim olunub.

Stalin mükafatına layiq görülənlər xüsusi imtiyazlara da cahib olublar. Laureatlar ictimai nəqliyyatdan pulsuz istifadə ediblər, ildə bir dəfə dövlət hesabına ölkənin sanatoriya və pansionatlarına göndəriş əldə ediblər, onların övladları ödənişli ali təhsil ocaqlarında ödənişdən azad olunublar və s.

Bəzi hallarda mükafat komissiysının müdaxiləsi olmadan Stalin özü mükafatın kimə verilməsi barədə göstəriş verib. Məsələn, Siyasi Büronun iclasında Stalin qövluğundan hansısa bir jurnalda çap olunmuş bir rəsm əsərini büro üzvlərinə göstərərk müəllifin mükafata layiq görülməsini tövsiyə edib. Yaxud o, oxuduğu yeni bir əsərin üzərinə dərkənar qoyub: “Müəllif mənim adıma olan mükafata layiq görülsün”.

Stalin mükafatının təqdim olunma mərasimi Kremldə keçirilib. Təntənəli tədbirdə Stalin şəxsən özü iştirak edib.

Stalin mükafatının təxminən 5 minə yaxın laureatı olub. Aviakonstruktor İlyuşin 7 dəfə bu mükafatı alaraq rekorda imza atıb. Kinorejissor Pıryev, Rayzman, Kopalin, aktyor Oxlopkov, yazışı Simonov, bəstəkar Prokofyev, aviakonstruktorlar Yakovlev, Mikoyan və Quryeviç Stalin mükafatının altıqat laureatları olub.

Qeyd edək ki, Üzeyir Hacıbəyov, Bülbül, Sənəd Vurğun, Süleyman Rüstəm, Mehdi Hüseyn, Kərim Kərimov, Sabit Orucov, Tahir Salahov, İsmayıl Dağıstanlı, Rəşid Behbudov, Lütfəli Abdullayev, Mustafa Topçubaçov, Niyazi və s. tanınmış azərbaycanlılar da Stalin mükafatının laureatları olublar.

1953-cü ildə Stalinin vəfatından sonra mükafat komissiyası fəaliyyətini dayandırıb. 1954-cü ildə Nikita Xruşovun təklif və təşəbbüsü ilə Stalin mükaftı rəsmi olaraq ləğv edilib.

1955-ci ildə SSRİ Dövlət Mükafatı təsis edilib. Nikita Xruşov Mərkəzi Komitədə keçirilən iclasda yeni təsis edilən mükafatla bağlı fikirlərini belə bölüşüb:

– Kim istəyirsə, cibində gəzdirdiyi Stalin mükafatı vəsiqəsini Dövlət mükafatı vəsiqəsi ilə əvəz edə bilər. Amma onu da nəzərə alın ki, yeni vəsiqədə Stalinin şəkli yoxdur…

İlham Cəmiloğlu

  DİGƏR XƏBƏRLƏR