Xəzərdə batmağın səbəbi bu imiş! – DİQQƏT – VİDEO

Yaxşı üzməyi və suda qalmağı bacaran insanlar başa düşə bilmirlər ki, çimərlikdə necə boğulmaq olar?!

Minval.info “Demədi demə” Youtube kanalına istinadən xəbər verir ki, çimərlikdə ölənlər haqda çoxsaylı xəbərlərə qulaq asdıqda ilk təəssürat yaranır ki, ya onlar üzməyi bilmirdilər, ya da sərxoş olublar.

Səbəb isə tamam başqadır. Söhbət təhlükəli sahil sualtı axınlarından gedir. Bu axınlar, demək olar ki, bütün su hövzələrində var; Meksika körfəzində də, Qara dənizdə də, Xəzərdə də… Bəzən, bu axınlarla nəinki, adi adamlar, ən yaxşı üzgüçülər belə bacarmırlar. Çünki, axına düşdükdə nə etməli olduqlarını bilmirlər. Hər şey gözlənilmədən baş verir.

Dənizdən üzü sahilə üzdüyünüz zaman, bir də görürsünüz ki, heç nə alınmır, eyni yerdən kənara çıxa bilmirsiniz. Hətta sahildən uzaqlaşdığınızı hiss edirsiniz. Bütün səyləriniz əbəs olur, gücünüz tükənir. Panikaya düşürsünüz və sonda boğulma baş verir.

Əvvəlcə su axınlarının anatomiyasını öyrənmək lazımdır. Burda proses odur ki, sahilə can atan dalğalar düz istiqamətdə hərəkət edir, sahildəki maneəyə dəydikdən sonra inersiya ilə geriyə-dənizin içinə doğru yönəlir. Ən təhlükəli axınlar qayalıqlı sahilləri olan kiçik dənizlərdə və liman buxtalarında yaranan axınlardır. Azov dənizi və ona oxşar dənizlər kimi…

Belə ki, sahildən geri qayıdan axının qarşısını kəsə biləcək adacıqlar, buxta və digər təbii maneələr olduqda burada xüsusi təhlükəli zona yaranır. Su axan dar keçidlərdə suyun təzyiqi yüksəlir və axın sürəti saniyədə 2-3 metrə çata bilir.

Sahilə doğru axan axınlar perpendikulyar istiqamətdə hərəkət edir. Nəticədə, müxtəlif yerlərdə suyun iki axın dəhlizi yaranır. Dalğalar suyu toplayır və sahilə doğru çırpır. Sonra digər istiqamətə tərəf əks axın başlayır. Əsasən, sualtı axının dəhlizi çox ensiz olur: 2-3 m. Suyun sürəti saatda 4-5 km-ə çatır. Bu axınlar insan üçün elə də təhlükəli deyil. Lakin, bəzən su axınının ölçüləri 50 m enə və 200-400 m uzunluğa malik olur. Bu böyük axınlarda suyun sürəti 15 km/ saat ola bilir. Bu enli və güclü su axını tez-tez yaranmır. Bəs onun yaranmasını hardan bilək?

Videoda sizə belə axını kənardan müəyyənləşdirməyin əlamətləri:

1. Sahilə perpendikulyar coşğun su kanalı görürsünüzsə, həmin kanalda suyun rəngi fərqlidirsə, məsəlçün, ətraf sular yaşıl, yaxud mavidir, kanalda isə suyun rəngi ağdırsa;

2. Hansısa dəniz bitkisi və yaxud dəniz canlısı suyun üstüylə dənizin içərilərinə doğru sürətlə hərəkət edirsə;
3. Ümumi dalğa xəttində 5-10 metrlik qırılma varsa;

Əgər bu 3 əlamətdən birini görürsünüzsə, həmin yerdə çimməyi ağlınızdan belə keçirməyin. Amma, burda bir problem var. 80% hallarda sualtı axınlar vizual cəhətdən bilinmir. Və siz suyun içindəsinizsə, saydığımız əlamətləri görmə şansınız da yoxdur. Beləcə, sualtı axın qəfil sizi dənizin ortalarına çəkə bilər. İş orasıdır ki, insanların əksəriyyəti bu axın zamanı sakitcə suyun hərəkətindən həzz alırlar. Bu isə onların ölümü ilə nəticələnir. Ona görə də tək çimməyin və çimərlikdə qoyulan qırmızı bayraqlara, xəbərdarlıq nişanlarına biganə qalmayın.

Əgər birdən belə axına düşərsinizsə, nə etmək lazım olduğuna da baxaq:

1. Panikaya düşməyin. Özünüzü ələ alın. Axında özünü necə aparmaq qaydalarını bilən insanların 99%-i sağ-salamat axını tərk edə bilir.
2. Gücünüzü qoruyun. Axına qarşı üzməklə bütün gücünüzü itirə bilərsiniz. Ona görə də axına qarşı deyil, ona paralel tərəfə üzməyə çalışın. Axından çıxmağa cəhd edin. 5-10 m üzsəniz, axından çıxa bilərsiniz.
3. Vəziyyəti analiz edin. Əgər paralel üzməklə də axından çıxa bilmirsinizsə, deməli, axın enlidir. Məsələn; 20 m və daha çox… Onda güc itirməyi dayandırırıq və panikaya düşmürük. Geriyə axın, əsasən, uzunmüddətli olmur. 3-4 dəq sonra bu axın dayanır. O, dayanan kimi sahilə paralel 50-60 m üzün, sonra isə fasilələrlə sahilə tərəf istiqamət götürün.

Əsas onu başa düşmək və anlamaq lazımdır ki, axın sizi suyun altına çəkməyəcək:

1. O, burulğan deyil. Əksər hallarda axınlar qısamüddətli, sürətli olur və suyun üst səthi ilə axır. Dərinliyi çox olmur.
2. Axının eni çox böyük olmur. Bəzən 50 m, əksərən də 10-20 m enində olur.
3. Axının uzunluğu məhduddur. Onun sürəti dənizin içinə doğru azalır və dalğaların görüşdüyü yerdə axın bitir. Dalğaların görüşü sahildən, əsasən, 100 m uzaqlıqda olur.

  DİGƏR XƏBƏRLƏR