“20 min azn-ə qədər kredit veririk”- Arığın qoruqda nə işi var ki….

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov kredit borcları ilə bağlı problemin ciddi olduğunu deyir. “Bura Azərbaycandır. Hamı bu həqiqəti bilir ki, Azərbaycanda aşağı faizlə kredit verilmir. Bank əmanəti 12%-lə alır, həmin pulu 25%-lə kredit verir. Banklar vəsaiti hardan alırlar? Birincisi bunun 80-85 faizi insanların əmanətləridir. İkincisi xaricdəki maliyyə qurumlarından dəstək alırlar, üçüncüsü də Mərkəzi Bankın mərkəzləşdirilmiş krediti var, uçot dərəcəsini aşağı salmaqla və s. digər banklara vəsait verir. Qoy bankın xərcləri 3-4 faiz təşkil etsin də. 15 faiz necə olur axı? Bank sistemindəki bu dərin problem öz həllini gözləyir”.

Banklar Assosiasiyasının nümayəndəsi Sahib Daşdəmirovun fikrinə görə, tələbat olmasa, banklar da bu qədər yüksək təklif irəli sürməzlər:

“Amma hər yerdə faiz dərəcələri eyni deyil. Hər bankın özünün yürütdüyü faiz siyasəti var. Sahibkarlığa yardım fondu 6 %, İpoteka Fondu 8%-lə kredit verir. Bizdə indi banklarda boş vəsait formalaşır. Bu boş vəsait orta və kiçik sahibkarlığın inkişaf etirilməsi üçün istifadə olunacaq. Lakin faiz siyasətimiz bazara uyğun tənzimlənir. Yaxın günlərdə bununla bağlı açıqlama veriləcək”.
Bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyir ki, Avropadan fərqli olaraq ölkəmizdə banklar öz faizlərini müəyyənləşdirməkdə sərbəstdir. “Bu məsələlər hər hansı bir qanunla tənzimlənmir. Lakin bir çox Avropa ölkələrində bank faizi artıq olanda vətəndaşın məhkəməyə müraciət edib, faizi aşağı endirmək ixtiyarı var. “Bizdə bank rəhbəri öz qohumuna, tanışına, əməkdaşlıq etdiy şirkətlərə çox aşağı faizlə kredit götürməyə imkan yaratdığı halda, digər vətəndaşlara isə çox yüksək verir”- deyən Əkrəm bəy bu baxımdan ölkəmizdə hansı bankın daha aşağı, hansı bankın yuxarı faiz təyin etdiyini müəyyənləşdirməyin çətin olduğunu da qeyd edib.

Vitaliy Biryuçkov

Marketinq üzrə mütəxəssis Vitaliy Biryuçkov reklam xarakterli SMS-lərə bağlı bunu deyib:
“Bank bu şəkildə reklam eləsə də ürəyi istəyən hər kəsə bu qədər kredit vermir. Müştərinin bütün göstəriciləri bank tərəfindən analiz edildikdən sonra verilə biləcək məbləğ təyin olunur.Bu o deməkdir ki, bankın 20 min manata qədər kredit vermək imkanı olsa da, müştərinin bu krediti ödəmək imkanı yoxdursa kredit verilmir. Riskli müştəriyə təbii ki, az kredit ayrılacaq. Bu bilirsiniz nəyə bənzəyir? Bəzi geyim düknlarının önüdə 50 faizə qədər endirim yazılır. Lakin siz girib mağazadakı məhsulların qiymətini soruşanda bəzilərində 20 faiz, digərlərində 10 faiz endirim edildiyini görürsünüz. Praktikada gördüyüm budur ki, bank ümumiləşdirilmiş reklam mesjları göndərir. Bank kreditin verilməsi barədə ayrı -ayrı detallar barədə məlumat vermir. Bu sırf reklamdır. Axı bank 20 mini hər kəsə verib sonra yeni məhkəmə prosedurları qarşısında ola bilməz.Nə qədər kredit götürmək və bu yükün altından qalxmaq məsələsi müştərinin məsuliyyətidir”.

Bank istənilən şəkildə öz məhsulunu reklam edə bilər, amma vətəndaş da öz cibindən imkanlarından xəbərdardır axı. Hansısa qohumunu, varını yoxunu zamin qoyub, böyük xəyalları gerçəkləşdirmək istəyərkən əlində olanları itirmək ehtimalı da böyükdür. Ata babalarımızdan sanki bu günümüzə hesablanmış maraqlı atalar sözləri və məsəllər var. Xalq ədəbiyyatının da iqtisadiyyatla bu qədər sıx bağlı olduğunu bu gün kəşf etmiş oldum. Ayağını yorğanına görə uzat. Borc almazdan öncə yüz ölçüb bir biçmək lazımdır ki, qaş düzəldərkən göz çıxarmayasan. Axı arığın qoruqda nə işi var ki vurub qıçını qıralar?!

İlhamə Rəsulova, Bizimyol.info

  DİGƏR XƏBƏRLƏR