ABŞ-ın Rusiyadakı keçmiş casusu 925 min dollara ev alıb

Xəbər verildiyi kimi, bu gün xarici agentliklərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiyanın yüksək rütbəli məmurlarından birini ələ alaraq casusluğa cəlb etməsi barədə məlumatlar yayılıb.
Rusiya mətbuatının verdiyi məlumata əsasən, bu hökumət aparatının əməkdaşı Oleq Smolenkovdur.
Onun hələ 20 il bundan öncə ABŞ kəşfiyyatı tərəfindən Kremlə yerləşdirildiyi güman olunur.
“Nyu-York Tayms” qəzetinin informasiyasına görə, bəhs olunan casus dövlət bürokratiyası pillələrində uğurla irəliləyib. Lakin agentin son dövrlərdə “dəyərli, lakin bir o qədər də ziddiyyətli” məlumatlar ötürdüyü qeyd edilir. Bu MKİ-də onun ikitərəfli agent olması şübhəsini oyatdığı üçün, “Lenqli” (MKİ-nin media və bədii ədəbiyyatdakı başqa bir populyar ismi-red.) onu qaçırmağa qərar verib.
2017-ci ildə Oleq Smolenkov Monteneqroya qaçıb.
“The Washington Post” qəzeti isə rusiyalı casusun Virciniya ştatının Stafford şəhərində 925 min dollarlıq ev aldığını bildirib.
Gələn informasiyalara görə, Oleq Smolenkov Rusiyanın Vaşinqtondakı səfirliyində də qulluq edib. Burada o, həmin vaxt səfir vəzifəsində çalışan Yuri Uşakovla yaxınlaşıb. Y. Uşakov hazırda Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisidir və birbaşa Vladimir Putinə çıxışı olan azsaylı məmurlardan sayılır.
Rusiyanın “Kommersant” qəzeti yerli əks-kəşfiyyatın Oleq Smolenkovun vura biləcəyi zərərləri analiz etdiyini yazıb. Hələlik agentin daha çox texniki işləri icra etdiyi və həyati önəm kəsb edən məlumatları əldə edə bilməməsi versiyasının daha qüvvətli olduğu irəli sürülür.
ABŞ-da isə bu məsələ ciddi rezonons doğurub. Ekspertlər casusun 2017-ci ildən, yəni hələ də Ruisya ilə qaranlıq əlaqələr qurmaqda şübhəli bilinən Donald Trampın hakimiyətə gəlməsindən sonra qaçırılmasına diqqət ediblər.
Mütəxəssislər 2017-ci ildə Donald Trampın Ağ Evdə Rusiya xarici işlər naziri Sergey Lavrov və səfir Sergey Kislyakla görüşünü yada salıblar. Həmin dövrdə qapalı qapılar arxasında keçirilən görüş bütün mətbuatın dilinə düşmüşdü və müxalifət qətiyyətlə prezidentdən söhbətin stenoqramının verilməsini tələb edirdi. Burada Trampın “olduqca gizli mənbədən alınan məlumata görə, Rusiya tərəfini terror hadisəsi barədə məlumatlandırdığını” deməsi medianın ciddi tənqidinə səbəb olmuşdu.
“Bizim kəşfiyyat xarakterli və olduqca gizli informasiyalardan şəxsi məqsədlərlə istifadə etməyə hazır prezidentimiz var. Özü də bunu hər kəsin önündə və Tvitterdə həyata keçirir. Çox çıxılmaz vəziyyətdir,”-deyə MKİ-nin keçmiş əməkdaşı Stiven L.Holl “Nyu-York Tayms” qəzetində yazıb.
Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klepper isə bundan sonra Rusiyada agent tovlanmasının daha da çətinləşəcəyini söyləyib.(musavat.com)

  DİGƏR XƏBƏRLƏR