Bakıda kirayə mənzillər BAHALAŞDI

Son iki ayda durğunluq müşahidə edilən kirayə mənzil bazarında canlanma yaranıb. Yay boyunca 200-300 manata təklif edilən kirayə evlərin qiyməti avqustun sonundan etibarən 400-500 manatadək bahalaşıb. Xüsusilə metrostansiayaların yaxınlığındakı ərazilərdə bahalaşma daha çox hiss olunur. Vətəndaşlar ciblərinə uyğun kirayə ev tapmaqda çətinlik çəkirlər.

Daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev Modern.az-a bildirib ki, son zamanlar bazarda baş verən proseslər hər il təkrarlanır:

“Heç kimə sirr deyil ki, hər il sentyabrqabağı tələbələr paytaxta gəlir. Bu isə kirayə mənzil bazarında tələbatın artımına, canlanmaya və son nəticədə qiymətlərdə özünü biruzə verir. Əslində buna qiymət artımı da demək olmaz. Çünki qiymətlər yayda mövsümi olaraq nisbətən aşağı düşmüşdü”.

R.Əliyev qeyd edib ki, son iki ildə kirayə bazarına ciddi təsir edən amillərdən biri də pilot layihələr çərçivəsində həyata keçirilən pilot layihələrdir:

“Binaları sökülən vətəndaşlar məcburi olaraq kirayələrdə yaşayırlar. Bu da bazarda tələbatın artımına səbəb olur. İllər üzrə baxsaq, müəyyən qiymət artımları müşahidə edirik. Amma bu da ölkədə gedən iqtisadi proseslərlə bağlıdır. Amma sentyabr ayında kirayə bazarında müşahidə edilən proseslərdə qeyri-adi heç nə yoxdur”.

 

Ekspertin sözlərinə görə, kirayə mənzil bazarında monopoliya hakim ola bilməz:

“Daşınmaz əmlak sahəsində təkrar bazarda monopoliya yoxdur və ola da bilməz. Çünki bu, azad bazardır. Minlərlə təklif və minlərlə tələbatçı var. Onların hamısının arasında sövdələşmə yoxdur və ola da bilməz. Sadəcə bazarda qiymətlər tələbata uyğun olaraq formalaşır. Tələbat artdıqca, qiymətlər də bahalaşır. Ona görə də qiymət artımlarını normal qəbul etmək lazımdır. Kirayə xidmət növü kimi digər məhsullar və xidmətlər kimi iflyasiya və digər makroiqtisadi təsirlərə məruz qalır. Sözsüz ki, ölkədə hər şeyin qiyməti bahalaşırsa, bu, kirayə mənzil bazarından da təsirsiz ötüşmür. Əgər son 5 ili götürsək, ümumi daşınmaz əmlak bazarında qiymət dinamikası ölkənin digər iqtisadi parametrlərinə uyğun dəyişib. Kirayə bazarının yeganə fərqi bundadır ki, əgər şəhərdə 2000 tələbə varsa, böhran oldu-olmadı, onların sayı dəyişməyəcək. Bu baxımdan iqtisadi çətinliklərin üstün olduğu 2015-2016-cı illərdə kirayə bazarında tələbatın azaldığı müşahidə olunmayıb. Ümumi olaraq qiymətlər ildən-ilə artan sabit xətlə yüksəlib. Yəni birdən-birə kirayə mənzil bazarında sıçrayış qeydə alınmayıb”.

  DİGƏR XƏBƏRLƏR