Doğulmamış uşaq anasını ölümdən xilas etdi

İngiltərənin Qərbi Yorkşir qraflığının Haddersfild şəhərinin sakinində hamiləliyin erkən dövründə ultrasəs müayinəsi nəticəsində sidik kisəsi xərçəngi aşkar edilib.

Onun hekayəsi “Daily Mirror” qəzeti tərəfindən nəşr olunub.

2018-ci ilin fevral ayında 29 yaşlı Keti Bennett nişanlısı Tom Bennettlə bal ayına getməyi planlaşdırdığı vaxtda hamilə olduğunu öyrənib. Qanaxmaya görə qadın müayinəyə gedib:

“Sistoskopiya (sidik kisəsinin endoskopla müayinəsi) zamanı sidik kisəmdə xərçəng şişi aşkar edilib. Hamiləliyin üçüncü ayında (12-ci həftə) uğurlu əməliyyat keçirdim”.

Doğuşdan iki ay əvvəl Bennett növbəti sistoskopiya keçirib və onda yenidən xərçəng şişi aşkarlanıb. Körpə Oskar dünyaya gəldikdən sonra qadın müalicəyə başlayıb.

Bu ilin fevral ayında qadın bədəninin müalicəyə necə cavab verdiyini öyrənmək üçün əlavə müayinədən keçib. Həkimlərin dediyinə görə, şişin ölçüsü kiçilsə də, tamamilə yox olmayıb.

“Olsun, Oskar mənim həyatımı xilas etdi. Hamiləliyim olmasaydı, xərçəng haqqında məlumatım belə olmazdı”, – deyə Bennett bildirib.

  DİGƏR XƏBƏRLƏR