“Kapadokyanın filialı” Lazada – Dağlar arxasında bir kənd var… – FOTOLAR

Nə olsun ki, zamanında ata-babalarımız “gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı” deyiblər. Elə Vətəndə də gəziləcək-görüləcək o qədər gözəl yerlər var ki. Üstəlik viza almaq dərdi yox, aviabiletlər, otel bronları kimi problemlər də yox. Ediləcək bir şey var: o da bel çanatalarınızı götürüb, yolu əlinizə alıb özünüzü dağlara vurmaqdır.

Modern.az-ın “Adama gəzmək qalır” rubrikasında bu dəfə öz elimizdən-günümüzdən danışaq. Dağlar arxasındakı iki gözəldən – Laza-Kuzun kəndləri arasındakı yürüş yolundan bəhs edək.

 

İki kəndin eyni adı olarsa…

 

Laza kəndini tanımayan yoxdur, yəqin ki… Kimisi bu kəndin Qəbələ rayonunda yerləşdiyini düşünür, kimi isə Qusarda. Bəli, hər iki tərəf haqlıdır. Laza hər iki rayonun arazisində yerləşən eyniadlı kənddir. Aralarını yalnız dağlar ayırır. Bir Laza Qusarda dağların arasındakı dərədə yerləşir.  Kəndin ikinci hissəsi dağın o biri yamacında, Qəbələ rayonu ərazisində, Dəmirçayın sahilində yerləşir. Deyilənə görə, kəndin sakinləri məhz oradan köç edərək buralarda məskən salıb və bu yeri Laza adlandırıblar.

 


Xaricilərin sevimli Qusar “Laza”sı

 

Laza kəndi Böyük Qafqaz sıra dağlarının, “Şah yaylaq” və Şahdağ zirvəsinin (4242 metr) ətəklərində yerləşir. Dəniz səviyyəsindən 1300 metr hündürlükdə qərar tutub. Kənd o qədər mənzərəli, o qədər gözəl bir yerdə yerləşir ki, təsvir etməyə kəlimələr yetərsiz qalır. Kəndin ətrafı çox mənzərəlidir, qayalardan şəlalələr axıb tökülür.

Bəs kənddə kimlər yaşayır? Kənddə etnik ləzgilər yaşayır. Əcdadları tarixi Azərbaycan ərazisindəki ən qədim dövlətlərdən biri olan Qafqaz Albaniyası ilə bağlıdır. Əsl dağ adamlarıdır lazalılar, dağ adamlarına xas səmimilik, istiqanlılılıq,  qonaqpərvərlik. 30-a yaxın ev var bu kənddə, 130-a yaxın da sakini. Di gəl gör ki, il ərzində o qədər qonaq-qaralı olur ki… Xüsusən də xarici turistlərin ən çox sevdiyi yerlərdən birinə çevrilib Laza. Yerli əhali həyətlərində tikdikləri otaqları qonaqlara kirayə də veririlər.

 


10 kilometrlik cənnət

 

Bu kəndə 1 günlük də gəlmək mümkündür. İstər öz maşınınızla, istərsə də birgünlük turlara qoşulmaqla. Mən də “11 nömrə” turuna qoşularaq bel çantam çiynimdə keçi kimi dağlara dırmaşmaq qərarına gəldim. O qısa ana, o bir günə təbiətin o qədər gözəlliklərini sığdırdım ki, hansı tərəfə baxacağımı bilmirdim. Hər addımında bir başqa gözəllik… Lazadan başlayaraq təxminən 10 kilometr boyunca dağlar, təpələr aşaraq gəlib Kuzunda dayandıq. Nahar yeməyi üçün isə hər tərəf çox gözəl “restoranlarla” doludur. Menyu yox, od tutub yanan qiymətlər yox. Açırsan çantanı, götürdüyün yol azuqəni dağlara baxa-baxa iştahla yeyirsən.

Azdan-çoxdan hiking təcrübəsi olan biri kimi deyə bilərəm ki, Laza-Kuzun yürüş yolu çox gözəldir. Yol boyu ən çox diqqətimi çəkən isə Kapadokya qayalıqlarına bənzəyən qayalıqlar oldu. Hətta zarafatla Lazanı “Kapadokyanın filialı” da adlandırdıq.

Uzun-uzadı tərif yağdırmaqdansa, mən susum, şəkillər danışsın…

14 sentyabr Laza-Kuzun yolu

  DİGƏR XƏBƏRLƏR