Məhkəmə qərar verir ki, evləri sökmə, şirkət sökür(VİDEO)

“Cavadov (oxu: şirkətin rəhbəri Sahib Cavadov) deyir, iki otaq verirəm, 75 kvadrat metr. O da iki ildən sonra. Deyirəm, mənim 70 yaşım var, iki ildən sonra bu şeyləri kimə verəcəksən, sümüklərimə verəcəksən?”

Allahverdi Mövlamov 53 ildir yaşadığı evindən çıxmaq istəmir. Amma hər gün söküntü işləri bir addım da onun evinə yaxınlaşır.

Qaya Qala şirkəti Nərimanov rayonu Təbriz küçəsi ev 34 ünvanında pilot layihə çərçivəsində bina tikir. Şirkət bu ünvanda qalan iki ev sahibinə təklif edir ki, həyətlərinin yerində bina tikilənə qədər kirayədə yaşasınlar, kirayə pulun qarşılayacaqlar və bina hazır olanda oradan evlərinin ölçüsündən 20-25 faiz artıq həcmdə sakinlərə mənzil verəcəklər. Amma ev sahibləri bununla razılaşmırlar.

17 sentyabrda Nərimanov rayon Məhkəməsinin çıxardığı qərardadda bildirilir ki, işə mahiyyəti üzrə baxılıb həll olunana qədər söküntü işləri dayandırılmalıdır. Amma bir neçə gün sonra şirkət söküntüyə başlayır.

Sakinlər bildirirlər ki, məhkəmə onların torpaq üzərində mülkiyyətini tanıyana qədər şirkətlə razılığa gəlməyəcəklər. Qaya Qala şirkətinin nüməyəndəsi kimi özünü təqdim edən Rahim Tağıyev isə sualımıza yarımçıq cavab verərək telefonu söndürüb.

Nazirlər Kabinetinin 86 saylı qərarı 25 fevral 2016-cı ildə imzanıb. Qərara görə Bakının 9 rayonunda qəzalı binalarda yaşayan 50 minə yaxın sakin köçürülməlidir. Qərarın 1.2 bəndində yazılıb: Köçürülmə zamanı hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməli və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şərait yaradılmalıdır.

Meydan tv

  DİGƏR XƏBƏRLƏR