Sabah da yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 25-28, Bakıda gecə 17-19, gündüz 26-28 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz olacaq.

Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 4-5-də Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  DİGƏR XƏBƏRLƏR