Vaxtında Azərbaycanı dəyişə bilsəydik, buna ehtiyac qalmayacaqdı…

Bu ilin 6 ayı ərzində Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbi və vətəndaşlığı olmayan şəxslər arasında 1013 nikah bağlanıb. Rəsmi məlumatlara görə, əcnəbilərlə nigaha daxil olanların 544-ü qadln, 469-u kişidir.
Bu məlumat açıqlanandan yarım saat sonra bir saytın əməkdaşı mənə zəng etdi. Yaddaşımdan şikayətim olmadığı üçün sualı olduğu kimi xatırlayıram: azərbaycanlı qadınların və kişilərin xarici vətəndaşlarla evliliyə bu qədər meylli olmasının səbəbi nədir?
Cavabım belə oldu: “Sevgi sərhəd tanımır. Gənclər sevib-seçdikləri insanla ailə həyatı qura bilərlər. Bunda heç bir qəbahət yoxdur. Onlar öz həyat yoldaşlarını seçməkdə sərbəstdirlər”. Biz bu mövzuda ətraflı danışdıq. Nə qədər xoş niyyətli olsam da, əlahəzrət fakt faktlığında qalır: 6 ay ərzində 1013 azərbaycanlı əcnəbi və vətəndaşlığı olmayan şəxslə nigaha girib.
Gəlin, özümüzü aldatmayaq. Bu cütlükəırin heç də hamısı Leyli-Məcnun olmayıb. Şübhə etmirən ki, xarici vətəndaşlarla nigaha girən şəxslərin ən azı yarısı təmənnalı evliliyə imza atıblar. Pakistandan, Əfqanıstandan gələn cavan kişilərə ilk növbədə başlarını soxmağa dam lazımdır. Kürəkənə qulluq etmək arzusuyla alışlb-yanan azərbaycanlılar onlar üçün cazibədar görünür. Çox güman ki, xarici vətəndaşlarla izdivaca girən oğlanlarımız isə öz həyat yoldaşlarına ölkəni tərk etmək üçün vasitə kimi baxırlar. Məşhur ” Sülh Korpusu”nun sarışın qızlarına qoşulub, okeanın o tayına gedən bir neçə nəfəri şəxsən tanıyıram…
Azərbaycan azərbaycanlılara darlıq edir. Biri ərinin, digəri arvadının hesabına ölkəni tərk etməyə çalışır. Qarsda, İğdırda sarı torpaqdan tikilmiş evlərdə uşaq doğub, övlad böyüdən xeyli soydaşımız var. Bunu yazmaq çox ağırdır, amma reallıqdan qaçmaq nümkün deyil. Gələcəyini Azərbaycanla bağlayan, öz ölkəsində parlaq karyera quracağına inanan gənclərimizin sayı sürətlə azalır. Hərə bir yolla başını götürüb Azərbaycandan gedir. Hazırda Türkiyənin müxtəlif universitetlərində 15 mindən çox azərbaycanlı gənc təhsil alır. Ukrayna universitetlərində oxuyan azərbaycanlıların sayı 10 mini ötüb. Rusiyada, Gürcüstanda, Avropa ölkələrində minlərlə azərbaycanlı gənc təhsil alır. Təhsilini yarımçıq qoyub, xarici ölkələrə üz tutan həmvətənlərimizin sayı da artmaqdadır. Üç gün əvvəl bir dostum zəng edib, belə dedi: “Natiq universiteti atıb, Ukraynaya işləməyə gedir. Onunla söhbət elə, başına ağıl qoy!” Dünən görüşüb xeyli söhbət etdik, onu fikrindən daşındırmağa çalışdım. Cavabı belə oldu: “İki qardaşım universitet qurtarıb, amma heç biri işləmir. Ali məktəbi bitirəndən sonra mən də onlar kimi işsiz qalmaq istəmirəm”.
Mövzumuzla əlaqəli olduğu üçün yazıram. Xarici işlər naziri Elmar Məmmədyarovun oğlunun ABŞ vətəndaşı olan bir xanımla ailə həyatı qurmasına, hər iki övladının okeanın o tayında yaşamasına adi məişət hadisəsi kimi baxmaq olmaz. Aydın məsələdir ku, Elmar Məmmədyarov övladlarını Bakıda yaxşı məvacibi olan işə düzəldə bilərdi. Amma söhbət ondan gedir ki, Avropada yaxşı təhsil almış, demokratik cəmiyyətdə formalaşmış gənclərimiz sovetdənqalma streotiplərllə hərəkət edən atalarının tabeliyində işləmək istəmirlər…
Azərbaycanda atalarla oğullar arasında qızğın mübarizə gedir. Bizi dəyişə bilməyən oğlanlarımız çıxış yolunu yaşayış yerini dəyişməkdə görürlər. Hansı ki, vaxtında Azərbaycanı dəyişə bilsəydik, buna ehtiyac qalmayacaqdı…
Seymur Verdizadə

  DİGƏR XƏBƏRLƏR