Vurğun Əyyub vəfat etdi

Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyub vəfat edib.
“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbər verir ki, V.Əyyub bu gün günorta saatlarında dünyasını dəyişib.
Mərhumla vida mərasimi bu gün saat 16-da Xətai rayonu İlqar Zülfüqarov küçəsi 29/42-a 2-ci kvadratla üzbə-üz binanın həyətində yaşadığı mənzildə keçiriləcək.
V.Əyyubun cənazəsi bu gün Hövsan qəsəbəsindəki “Dədə Qorqud” qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub.
1992-1993-cü illərdə Vurğun Əyyub keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib. 15 noyabr 1992-ci ildə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib. Bu islahatı 100% ədalətli təşkil etməklə Vurğun Əyyub AXC-Müsavat hökumətinin ən böyük tarixi ugurlarından birini 1992-ci ildə gerçəkləşdirib. Keçmiş Sovet İttifaqının ərazisində test üsulu ilə rüşvətsiz tələbə qəbulunun 1992-ci ildən indiyədək yalnız Azərbaycanda keçirilməsi xalqımızın mədəni səviyyəsinin fəxr olunacaq bir göstəricisidir. 1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın Baş katibi olub, 2001-ci ilin may ayında keçirilən 6-cı Qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq katiblik müavinliklə əvəz olunub və V.Əyyub Müsavat başqanının 1-ci müavini təyin edilib. Bir neçə il əvvəl partiyadan istefa verib.
Allah rəhmət eləsin!

  DİGƏR XƏBƏRLƏR