158 nəfər çox işləməkdən öldü – Rəsmi statistika

Yaponiyada ötən il 158 nəfər “karoshi” səbəbilə (çox işləməkdən yaranan sağlamlıq problemlərindən ölmək) həyatını itirib.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumat hökumət hesabatında yer alıb. İş saatlarının çox olması ilə əlaqədar 2018-ci ildə baş verən ölüm halları son 10 ildə ən aşağı nəticədir, lakin bu rəqəm yenə də yüksək hesab edilir.
Hesabata görə, ən çox ölüm halları 40 yaşlarında olan şəxslərdə qeydə alınıb. Bu yaş qrupundan olan 47 nəfərin ölümünə “karoshi” səbəb olub. 60 yaşlardakı 20, 50 yaşlarındakı 46, 30 yaşlardakı 26, 20 yaşlarındakı 19 nəfər “karoshi”nin qurbanı olub.
Ən çox ölüm halları inşaat sahəsinin işçiləri arasında qeydə alınıb. 78 inşaat işçisi 2010-2015-ci illərdə beyin və ürəkdə yaranan problemlərlə əlaqədar həyatını itirib. Həmin xəstəliklərə çox işləmək səbəb olub. Eyni dövrdə 54 inşaat işçisi psixoloji səbəblərdən intihar edib. Onlardan 30-u tikinti prosesinə rəhbərlik edən şəxslərdir.
Mediada da vəziyyət pisdir. 2010-2015-ci illərdə 10 jurnalist çox işləməkdən yaranan sağlamlıq problemi səbəbilə ölüb, 4 media nümayəndəsi isə iş stressinə görə intihar edib. Həyatına son qoyanların hamısı 20-li yaşlarda olub.

  DİGƏR XƏBƏRLƏR