“Azərbaycanda futbol olmayacaq” – Aqil Abbas

“Foqts şantaj edib 5 il millinin baş məşqçisi postunda oturdu, Qurbanı isə tez kənara atdıq, indi Yurçeviç onun tozu deyil”

Oktyabrın 24-də Avropa Liqasının qrup mərhələsində “Qarabağ” “APOEL”i qəbul edəcək. Çempionlar Liqasının seçmə oyununda Kipr klubuna evdə uduzan ağdamlılar revanşa çıxacaqlar.

Futbol fanatı olan deputat Aqil Abbasla bu qarşılaşma barədə söhbətləşdik. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

– Aqil müəllim, oyundan nə gözləyirsiniz? 

– Həmişə olduğu kimi, “Qarabağ”dan yenə qələbə gözləyirəm. İnanıram ki, komandamız qrupdan çıxmağa nail olacaq. Bunun üçün APOEL-i məğlub etmək vacibdir. Yeni bir tarix yazmağa çox yaxınıq. Mən Qurban Qurbanova və onun taktikasını inanıram.

Bəzən fubolçular onun taktikasını yerinə yetirə bilmirlər. Çünki topu özündə çox saxlamaq və vaxtında ötürmə etmək problemimiz var. Peşəkar futbolda qayda var ki, topu alan topu kimə ötürəcəyini əvvəldən bilir.

Bizdə şərhçilər deyirlər ki, futbolçu topa çatmadı. Amma deyilmir ki, topu Mahir Əmrəliyə və yaxud Təmkin Xəlilzadəyə çatdıra bilmirlər.

Ancaq Messi yaxşı bilir ki, həmin an harada olacaq. SSRİ-də Konkov varıydı. Lobonovski bilirdi ki, Konko həmişə qabaqdadır. Bizimkilər isə deyirlər ki, geri çəkilin. Futbolçu yerini bilmir.

“Qarabağ”da Miçel, Almeyda topu özündə saxlayırlar, top itirirlər. APOEL-ə Bakıdakı oyunda elə buna görə uduzduq.

– Yəni, fiziki cəhətdən çatdırmırıq? 

– Başqa klublarımızı deyə bilmərəm, ancaq “Qarabağ” fiziki cəhətdən yaxşıdır. Bu problem beyin məsələsi ilə əlaqədardır.

Futbol şahmatdan da ağır idmanadır. Şahmatda saatlarla fikirləşmək və qərar vermək fürsətin olur. Futbolda isə bir saniyən var ki, düşünüb qərar verəsən.

Ona görə topu tez ötürmək lazımdır. Sən Messi, Ronaldo deyilsən ki, aldadasan. Bizimkilərin oyunlarına baxanda ən çox hirslənirəm ki, ötürmədə gecikmə. Öz-özümə deyirəm ki, topu evinə aparacaqsan?

Sabahkı (bu gün – E.S) oyunda da “Qarabağ”dan fərqli taktika gözləyirəm. Mənim üçün “Qarabağ” Qarabağ deməkdir, Ağdam deməkdir.

– APOEL-ə Bakıda uduzmuşuq, bu oyuna qisas görüşü kimi baxmaq olar?

–  Futbolda qisas termini düzgün deyil. Elə fikirləşən komanda uğur qazanmaz. Qurban gözəl taktika quracaq, Qara Qarayev, Rəşad Sadıqov, Bədavi Hüseynov da öz yerlərində olsalar qələbə bizimdir.

“Qarabağ”ı təkcə ağdamlılar, azərbaycanlılar yox, bütün türk dünyası izləyir. Bu gün klubun apardığı futbol siyasəti Xarici İşlər Nazirliyinin siyasətindən güclüdür.

– Aqil müəllim, APOEL-dən sonra Lüksemburqun “Düdelanj” klubu Bakıya gələcək. Səfər oyununda erməni təxribatı oldu. Bakıda buna hansısa formada cavab verməliyik? 

– O hadisədən sonra onları cəzalandıran olmayıb. Əslində, futbolda belə hallar olur. Bizə qarşı təxribatlar ilk dəfə deyil. Ona cavab olaraq uşaqlar 4 qol vurdular. Bəlkə də heç 4 qol vurmayacaqdılar. O təxribatın yaratdığı qəzəb stimul verdi, daha inamlı oynadılar.

Mənim xoşuma gəldi ki, dronla qondarma respublikanın qondarma bayrağının stadiona endirilməsinə baxmayaraq, azarkeşlərimiz və futbolçularımız soyuqqanlı davrandı, lazımı reaksiyanı verdilər.

– Ermənilər açıqlama vermişdilər ki, Mxitariyanın Bakıya gələ bilməməsinə cavab idi…

–  Mxitariyana kim “gəlmə” deyib? Belə bir sənəd var? Azərbaycan tərəfi dəfələrlə bəyan etdi ki, onun gəlməyinə problem yoxdur. O gəlməyibsə, biz nə edək? Ermənilər Bakını su yolu ediblər.

Bakıda sovet vaxtı yaşamış neçə erməni bura gəlib, nərd oynayıb, şəhəri gəzib, köhnə qonşuları ilə görüşüb. Üstəlik, Mxitariyan person non – qrata elan olunmamışdı axı?!

Mən Lüksemburqda da olmuşam. Cırtdan bir ölkədir. Ölkənin o başı ilə bu başını itirirsən. Çünki qonşu dövlətə keçirsən.

Çay içməyə girdik, gördüm balaca rayondur. Ümumiyyətlə, bu cür ölkələr pilot layihələrdir. Məqsəd budur ki, Avropa Birliyinin qarşısında onların da bayraqları olsun.

Amma 300-500 min əhalisi olan ölkənin futbol liqasına 14 klub oynayır. Əhalisi Sumqayıtın camaatından azdır, amma 10 milyonluq ölkəyik, çempionata 8 komanda çıxarırıq.

Bu klubların da demək olar ki, hamısı Bakıdadır. “Sumqayıt” klubu Bakının qulağının dibidir, “Qarabağ” Ağdamda oynamır, bircə “Qəbələ” qalıb.

Onun da adını dəyişsinlər, gəlib paytaxtda oynasın. Belə olmaz axı?! Əgər Tovuzda, Lənkəranda, Gəncədə futbol yoxdursa, Azərbaycanda futbol olmayacaq.

– Bayaq dediniz ötürmələrdə yubanırıq. “Qarabağ” Avropada 5-6 oyuna çıxır, sonra “Zirə”, “Səbail” və s. kimi klublarla oyun…Bəlkə elə buna görə sürət artmır?

– Azərbaycan millisinə lap elə Qvardiolanı gətirsinlər. Axı 8 komandanın oyunçularının yarısı legionerlərdir.

Deməli, təxminən 50 yerli futbolçu var. Sən də onlardan 24 nəfərini milliyə çağırmalısan. 50 adam arasında nə seçim imkanın olacaq?

Sizin qəzetdə nə qədər adam işləmək istəyir. Ancaq hamısını işə götürə bilmirsən. 16 komanda çempionatda yarışsa, futbolçu seçimi imkanında rəngarənglik olar.

Mənim o vaxtlar Berti Foqtsdan (millinin keçmiş baş məşqçisi), onun da məndən zəhləsi gedirdi. Foqtsla yan-yana oturmuşam. Dəfələrlə mübahisələrimiz olub. Ona dedim ki, niyə gəlmisən? Acıq edib getdi.

İndi AFFA nə etsin? Ən yaxşı halda komanda sayını artıra bilər. Milliyə Nikola Yurçeviç gətiriblər. O, Qurbanın heç tozu deyil, gətirib ora qoyublar.

Yazıq heç oyunçu da tapmır. Foqts şantaj edib 5 il bu postda oturdu, Qurbanı tez kənara atdıq.

“Qarabağ”ın sponsorunun canı sağ olsun, Qurbanın qabağında şərt qoydu ki, səndən heç nə istəmirəm, komandanı yığ.

O da elədi. Amma “Neftçi” ildə 3 dəfə baş məşqçi dəyişir. Bir ildə üç dəfə baş məşqçi dəyişər?

Emil SALAMOĞLU,

  DİGƏR XƏBƏRLƏR