Bakıda “intiqam günü”: “Qarabağ”- APOEL qarşılaşması

Ümid edək ki, Qurban Qurbanovun seçəcəyi taktika “Qarabağ”a çox mühüm olan 3 xalı qazandıracaq…

Sabah Tofiq Bəhramov adına  Respublika Stadionunda Avroliqanın qrup mərhələsinin 3-cü turunda “Qarabağ”  yunan Kiprinin APOEL  klubunu qəbul edəcək. Matç saat 20:55-də başlayacaq.  Görüşü Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Filip Qlova olacaq. Ona yan xətdə Frantişek Ferenç və Yan Pozor kömək edəcək.

APOEL oktyabrın 22-i Bakıya gəlib. Nikosiya təmsilçisini dəstəkləmək üçün Kiprdən 75 azarkeşin gələcəyi deyilir.

“Qarabağ” “Sevilya” nın lider olduğu A qrupunda ikinci turdan sonra 3 xalla ikinci yeri tutur. APOEL-in isə xalı yoxdur.  “Sevilya” da sabah öz meydanında  “Düdelanjı” qəbul  edəcək. Lüksemburq təmsilçisinin də  3 xalı var. Bu səbəbdən “Qarabağ”ın APOEL-ə qalib gəlməklə ən yaxın izləyəcisindən  3 xal irəli çıxmaq şansı var. APOEL isə bu oyunda da udazarsa, klubun ikinci yer tutmaq şansı qalmayacaq.

Bu səbəbdən APOEL, şübhəsiz ki, Bakıya üç xal arxasınca gəlib. Bakıda APOEL üçün final xarakterli döyüş olacaq.

Qarabağ Apoel ile ilgili görsel sonucu

Kiprli jurnalistlərin iddiasına görə, klub rəhbərliyi Tomas Dollın qarşısına qrupdan çıxmaq vəzifəsi qoyulub. Əgər almaniyalı baş məşqçi ikinci pilləni təmin etməsə, onunla yollar ayrılacaq. Həmçinin bir sıra ödənişli futbolçular qış fasiləsində satışa çıxarılacaq. 2013-2015-ci illərdə “Bakı”da oynamış Kipr millisinin sabiq üzvü Georgos Pelagias deyib ki, Bakıda keçiriləcək oyunda şanslar bərabərdir: “Bakıdakı oyun həm ”Qarabağ”, həm də APOEL üçün çətin olacaq. Məncə, şanslar bərabərdir. APOEL uduzarsa, Tomas Dollu istefaya göndərəcəklər? Bu barədə heç bir bilgim yoxdur. Ona görə nəsə deməyim düzgün çıxmaz. İstənilən halda maraqlı və gərgin oyun olacaq” (sportinfo.az).

APOEL Çempionlar Liqasının üçüncü mərhələsində “Qarabağ”ı, iki görüşün nəticəsinə görə, mübarizədən kənarlaşdırdı. Pley-offda “Ayaks” səddini keçə bilməyərək yenidən bizə rəqib oldular. APOEL indi daha zəif təsir bağışlayır və ilk iki oyunda məğlubiyyət bunu təsdiq edir. Xüsusilə “Düdelanja” öz meydanında məğlubiyyət  klubda müəyyən problemlər olduğunu  göstərir. Hazırda Kipr çempionatında 4 tur oynanılıb.  Bu səbəbdən 3 oyundan 9 xal toplayan  hazırkı  çempion  5-ci yerdə qərarlaşıb. Amma APOEL-in baş məşqçisi komandanın oyunundan razı deyil.  APOEL-in baş məşqçisi Tomas Doll son üç turda ardıcıl qələbələrə baxmayaraq  deyib ki, komanda inkişaf etməlidir: “Daha yaxşı oynamalıyıq. Hələ ki, komanda düşündüyüm futbolu oynamır. Düzdür, hamı məsuliyyəti baş məşqçinin üzərinə qoyur. Bu, mənim uçun problem deyil. Bəzi futbolçular yaxşı çıxış etməlidirlər”.  Daha bir maraqlı məqam budur ki, komandanın oyununu izləmək üçün Qurban Qurbanovun köməkçiləri- Elçin Rəhmanov və Borçe Xristov Kiprdə olublar. Onlar Kipr çempionatında “Doha Katakokia”ya qarşı oyununu canlı izləyiblər.

Qarabağ Apoel ile ilgili görsel sonucu

Yeri gəlmişkən, rəqiblərindən fərqli olaraq “Qarabağ”ın  Azərbaycan Premyer Liqasındakı qələbə seriyası qırılıb.

Mövsümdə ilk xal itkisi ilə üzləşən Qurban Qurbanovun komandası səfərdə “Qəbələ” ilə görüşdə heç-heçə edib – 1:1. Bununla da Ağdam klubunun 15 qələbədən ibarət seriyası sona çatıb.

“Qarabağ” ilk dəfə həm keçilə biləcək rəqiblərlə bir qrupa düşüb. Avroliqanın qrup mərhələsində oynamasına artıq adət etdiyimiz “Qarabağ” bu dəfə qrup mərhələsini adlamağa çox yaxındır. Əslində çox zaman məhz 3-cü turda qrupda bəzi aydınlaşma olur. “Sevilya” bu gün qalib gələcəyi təqdirdə qrup mərhələsində liderliyini daha da möhkəmləndirəcək. APOEL uduzsa, onun daha möcüzəyə ümidi qalacaq. “Qarabağ” isə, yuxarıda da qeyd etdiyimiz kimi, qalib gələcəyi təqdirdə turnir cədvəlində ikinci yerdə möhkəmlənəcək, şansı artacaq. APOEL-in Bakıya 3 xala görə gəldiyi məlum, bəs axı bizim də kiprlilərdə bir “intiqamımız” qalır axı… Bu oyuna Bakıda olan marağın bir səbəbi də həm də APEOL-dən 0:2-lik məğlubiyyətin əvəzinin çıxmaqdır. “Qarabağ”, biz yada salmasaq da, təbii ki, bu oyuna ciddi önəm verir. Baş məşqçinin iki köməkçisinin şəxsən yunan Kiprinə göndərilməsi də bu ciddiyyətdən xəbər verir. Ümid edək ki, Qurban Qurbanovun seçəcəyi taktika “Qarabağ”a çox mühüm olan 3 xalı gətirəcək. Əlbəttə, oyunun heç-heçə bitmək variantını da nəzərdən keçirmək olar. Amma nəzərə alaq ki, həm APEOL, həm “Sevilya” ilə rəqib meydanında görüşəcəyik. Bu səbəbdən iki güclü rəqiblə özgə meydanında oyundan 2 xal qazanarıqsa, ikincilik şansı daha real ola bilər.

Qarabağ Apoel Qurban ile ilgili görsel sonucu

“Qarabağ”ın hazırda stabil formada olduğunu demək olar. Klub topa daha çox nəzarət taktikasına yenə üstünlük verir ki, bəzi oyunlarda bu cür seçim uğur gətirmir. Rəqibə top vermirsən, bu, yaxşıdır. Amma özün də nəzarət etdiyi topla rəqib qapıya yol tapa bilmirsənsə, nəticə olmur. “Qarabağ” həm Azərbaycan çempionatında, həm bu mövsüm Avrokuboklardakı oyunlarda məhsuldar oynamağa çalışır. Son oyunda da “Düdelanj”ın qapısına 4 qol vurulması, əlbəttə ki, yaxşı motivasiyadır.    Zədəlilərin olması “Qarabağ”ın planlarına, əlbəttə ki, təsir edir. Məlum olduğu kimi, “Qarabağ”ın yeni transferi Faysal Rerras üç həftəlik sıradan çıxıb.

Amma ümid edək ki, Bakıdakı sabahkı oyunda klubumuz yaranmış şansdan maksimum yararlana biləcək. Yeri gəlmişkən, “Qarabağ”ın qonağı olacaq APOEL-in üç futbolçusu zədəsini sağaldıb.

Qol.az-ın Kipr mətbuatına istinadən yaydığı xəbərə görə, Vid Beleç,  Georgios Efrem və  Savvas Gentsoğlu məşqlərə qayıdıblar. Onların Ağdam klubu ilə görüşə hazır olduqları bildirilib.

Uğurlar, “Qarabağ”!
Nazim SABİROĞLU,
“Yeni Müsavat” 

  DİGƏR XƏBƏRLƏR