Bu məhsullar yavaş-yavaş ölüm gətirir: Qadağan edilə bilərmi? (Ekspert rəyi)

Dünya mətbuatında tərkibində “Sibutramin” və “Sildenafil” maddələri olan qida və içkilərin insan orqanizminə zərərindən bəhs edən xəbərlər gündən-günə artır.
Xüsusilə də, həkimlər bu maddələrin arıqladıcı bitki çayları, enerji içkiləri və şokoladların tərkibində olduğunu vurğulayırlar.
Bəs Azərbaycanda tərkibində bu maddələr olan qida və içkilər yoxlanılaraq satışı həyata keçirilirmi?
Qaynarinfo-ya danışan Azad İstehlakçılar Birliyininin (AİB) sədri Eyyub Hüseynov məsələni şərh edərkən bu məsələ ilə bağlı dəqiq məlumatının olmadığını bildirdi:
“Bu barədə dəqiq məlumatım yoxdur. AQTA qidanın təhlükəsizliyinə nəzarət edir. Əgər onlar təhlükəli maddədirlərsə, bunu AQTA laboratoriyalarında müəyyən edərlər. Yox, təhlükəli maddə deyilsə, sadəcə keyfiyyətə təsir edirsə, onda AQTA müdaxilə edə bilməz. Ona görə bu cür mallar satışda ola bilər.
Enerji içkilərinin tərkibinin dəyişməsi üçün Azad İstehlakçılar Birliyi müəyyən işlər görüb. Qiymət və verginin artırılmasına nail olmuşuq. Lakin elə Azərbaycanda 15 növə qədər enerji içkisi istehsal olunur. Onların tərkibində alışqanlıq yaradan maddələr var. İstehsalçı üzərində qeyd etsə də, bilirlər ki, buna qarşı istehlakçılarda alışqanlıq yaranır. Ona görə də insanların bu içkilərdən uzaq durması üçün iş aparırıq”.
Qeyd edək ki, Türkiyədə tərkibində “Sibutramin” və “Sildenafil “maddələrinin olduğu qida və içkilərin satışına qadağa qoyulub.

  DİGƏR XƏBƏRLƏR