Casus polkovnikin memuarı: “Radioaktiv tozdan və avtomobil qəzasından qorxuram”

 Olduqca maraqlı həyatı və “fəaliyyəti” olan casus macəralı bir şəkildə qaçıb işlədiyi ölkəyə sığındıqdan sonra başına gələnlər haqda “Növbəti dayanacaq – güllələnmə” adlı kitabında yazıb.

Konkret.az  bu kitabdan maraqlı parçaları oxucularına təqdim edir:

1-ci fəsil. Qaçış, ya da ölüm

Moskvanın başı üzərində qara buludlar sıxlaşmışdı, qəfil leysan insanları tavan altına qovmuşdu. Mən 1985-ci ilin 11 iyununda, həftənin ikinci günü anladım ki, DTK-nın qurduğu tor getdikcə məni daha sıx sarır və əgər bir neçə həftənin içində Sovet İtiifaqı adlanan nəhəng təcrid düşərgəsindən sıyrılıb çıxmasam, məhv olacağam. Böyük Britaniyanın məxfi kəşfiyyat xidmətindəki dostlarımın mənim üçün hazırladıqları və illər boyunca əl altında hazır saxlanan qaçış planını həyata keçirməyin vaxtı çatmışdı.

Casus polkovnikin memuarı: “Radioaktiv tozdan və avtomobil qəzasından qorxuram”

DTK Lenin prospektində yerləşən 103 saylı qüllə-evin səkkizinci mərtəbəsindəki mənzilimə dinləmə qurğusu quraşdırmışdı. Mən qorxurdum ki, bununla yanaşı mənzil gizli telekamera ilə də təchiz olunub, ona görə də məsum görünüşlü ingilis romanlarının öz qabığında iki nüsxədə saxlanan plan-təlimatı çıxararkən xüsusi ehtiyat tədbirləri görməyə məcbur idim. Mən kitablardan birini götürdüm, vanna otağına keçdim, öncə camaşır suyu hazırladım və kitabı tasa, mələfələrin arasına soxdum ki, islansın. Sonra yapışqanı yumşalmış forzası (kitabın başındakı və sonundakı boş səhifə) açdım, onun içindən təlimatın məzmunu olan sellofon vərəqi çıxıradım. Kitabın qalıqlarını zibil borusuna buraxaraq, kiçik dolaba girdim və şam işığında, böyüdücü şüşənin köməyi olmadan təlimatı oxudum.

Bu kiçik əməliyyatın sadələyi məni sakitləşdirdi, nə etməli olduğumu yaddaşımda yeniləyib canlandırmaq üçün cəmi bir neçə dəqiqə lazım oldu. Təhlükədə olduğum barədə britaniyalıları xəbərdar etməyim üçün mən həftənin ikinci günü saat 7-də şərtləşilən küçənin tinindəki səkinin kənarında əlimdə rəngli polietilen torba tutaraq durmalıydım. Bundan sonra ayın üçüncü bazar günü saat 11-də Qırmızı meydandakı Müqəddəs Vasili kilsəsində əlaqəçi ilə birbaşa ünsiyyət zamanı ona yazılı ismarış verməliydim.

Adi rabitə vasitələrindən istifadə etmək mümkün deyildi. Səfirliyin telefonları, eynilə britaniyalı diplomatların yaşayış kompleksinin telefonları kimi dinlənilirdi. Səfirliyə baş çəkməkdən söhbət belə gedə bilməzdi, çünki səfirlik binasının darvazası milis uniforması geymiş DTK əməkdaşları tərəfindən mühafizə olunurdu. Onlar ya ziyarətçiləri sadəcə olaraq qovub uzaqlaşdırır, ya da söhbətə tutaraq başlarını qatırdılar ki, onların şəklini gizlicə çəkmək mümkün olsun. Diplomatların yaşayış kompleksi də eyni cür qorunurdu.

Mən elə bir əsəbi gərginlikdəydim ki, məxfilik üzündən tamamən çıldırmaq üzrəydim. Qaçışın təşkilinə dair təlimatı gizlədib saxlamaqdan qorxurdum, ona görə də onları şifrəli şəkildə bir vərəq kağıza yazdım, orijinalı isə yandırdım. Kağızı sıx bir şəkildə büküb-büküşdürdüm, evdən təxminən iki kilometr aralıda yerləşən, maşınımı saxladığım yeraltı qaraja apardım. Qaraj kərpic arakəsmələrlə hücrələrə bölünmüşdü, hər bir bu cür hücrənin girişini polad barmaqlıq qapayırdı. Ora isti və işıqlı idi; maşın sahibləri tez-tez özləri ilə yemək-içmək gətirir, burada içki məclisi təşkil edir, söhbət edə-edə vaxt öldürür, musiqi dinləyirdilər. Məni bura cəlb edən o idi ki, qarajı sovet standartıyla tikmişdilər: kərpiclər pis hörülmüşdü, onların arasındakı yarıqlardan işıq şüası süzülürdü. Mənim qarajdakı hücrəmdə mütləq axtarış aparılacağını anlayaraq, büküb yumağa döndərdiyim kağızı ümumi dəhlizdə göz bərabərindəki yarıqda gizlətdim. Təlimatın ikinci nüsxəsinin olduğu kitabın müsadirə olunacağı halda, əlimdə kağızda şifrə ilə yazılmış plan qalacaqdı.

Həftənin ikinci günü şərti yerə vaxtında gedib çatmaq üçün mən gündüz saat 4-də evdən çıxdım. Hava çiskin yağışlıydı, mən boz yağmurluq, qalın altlığı olan qara çəkmə geydim və başıma Danimarkadan aldığım dimdikli dəri kepka qoydum – məni məhz bu geyimə görə tanımalıydılar. Guya alış-veriş üçün gedirəm görüntüsü yaradaraq, əlvan polietilen torbanı əzik-üzük qəzetlərlə doldurdum.

Xoşbəxtlikdən, mən kütlə arasında o qədər də nəzərəçarpacaq biri deyildim – bir metr yetmiş üç santimetr boyumla qələbəlikdə seçilmirdim, qırx yeddi yaşıma yetişdiyimdən başımın ortasının tükü seyrəlmişdi, ancaq kepka keçəlimi örtürdü. Bununla belə, evdən çıxarkən hər şeydən qabaq izlənib-izlənmədiyimdən əmin oldum. Bundan ötrü DTK-da “yoxlama”, Amerikanın məxfi xidmətində isə “təmizləmə” adlandırılan texniki fəndlərdən istifadə etdim.

Maşınım texniki baxışdan keçməmişdi, ona görə də ictimai nəqliyyatdan istifadə etməli oldum, ancaq əvvəlcə ticarət mərkəzinə qədər 5-6 yüz metr məsafəni piyada qət etmək lazım gəldi. Mən ora-bura boylanmadan gedirdim; mənim durumumdakı adam öz narahatlığını heç cür büruzə verməməlidir – DTK-da təlim sisteminin əsas prinsiplərindən biri belədir.

İlk iş kimi aptekə girdim. Növbədə satıcının pəncərəsinə doğru hərəkət edərkən, mən özümü vitrində qoyulmuş dərmanlara baxırmış kimi göstərdim, əslində isə pəncərədən küçədə baş verənləri diqqətlə izləyirdim. Sonra əmanət kassasına baş çəkdim. Əmanət kassası ikinci mərtəbədə yerləşirdi, pilləkənlərin pəncərəsindən küçə əla görünürdü. Mən burada bir neçə dəqiqə vaxt keçirdim, sonra ərzaq mağazasına daxil oldum; ondan sonra piyada keçidi ilə addımladım. Ancaq yolüstü yaxın evlərdən birinin blokuna girdim, pilləkənlə bir az qalxdım, pəncərədən boylandım, bir qədər dayandım, aşağı düşdüm, yoluma davam etdim.

Mən heç bir izləmə əlaməti fərq etmədim, amma arxayınlaşmaq üçün tez idi. Avtobusda bir neçə dayanacaq getdim, sonra taksi ilə DAM (Dövlət Avtomobil Müfəttişliyi – sovet dövründə yol polisi belə adlanırdı) postuna gəldim – maşınımla bağlı bəzi məsləhətləşmələr aparmaq bəhanəsi ilə. Oradan bacım Marinanın yaşadığı evə yollandım, guya ki, ona baş çəkmək istəyirəm. Ancaq pilləkəndə bir neçə dəqiqə durduqdan, pəncərədən ətrafa göz gəzdirdikdən sonra binadan çıxdım, metroya endim, qatardan-qatara mindim və nəhayət, üç saatlıq belə bir yoxlamadan sonra şərtləşilən yerin yaxınlığında yerləşən “Kiyevskaya” stansiyasına çatdım.

Düz saat yeddidə səkinin kənarındakı şərtləşilmiş yerdə durduğum zaman əsəblərim son həddə qədər gərgin idi. Hökumət limuzinləri geniş küçədə yaxınlıqdan şütüyüb keçir, Siyasi Büro üzvlərini Kremldən evlərinə daşıyırdılar. Onların ardınca DTK-nın çoxlu zabitləri öz xidməti maşınlarında gedirdilər. Mülki geyimli DTK agentləri, əlbəttə ki, küçədə növbə keşiyi çəkirdilər.

Bunu bildiyim üçün var gücümlə sakitliyimi qorumağa çalışırdım – guya ki, dostumu gözləyirəm. Düz yolun qırağında gözləmə mövqeyində olmağım məni xüsusilə sıxırdı. Binanın divarı önündəki səkidə gözləmək daha təbii olardı. Mənə elə gəldi ki, mən burda bir ömür boyunca gözlədim, hərçənd cəmi üç, ya dörd dəqiqə vaxt ötmüşdü. Nəhayət, rahatlıqla düşündüm ki, öz işimi gördüm. Mən bilə bilməzdim ki, kimsə məni fərq edib, ya yox, mənim siqnalımı alıb, ya almayıb, ancaq hər halda, mən təlimata dəqiqliklə riayət etmişdim.

Üçüncü bazar günü yenə də diqqətli yoxlamadan sonra Qırmızı meydana yollandım. Əvvəlcə Lenin muzeyinə daxil oldum. Həmin vaxtlar bu, Moskvanın ən baxımlı, səliqəli binalarından biriydi. Bir növ kommunizm məbədi kimi bir yer idi.

Yeraltı tualetə girdim, bildiyim kimi, bura çox təmiz və rahat idi. Kabinəyə daxil olub kilidləyəndən sonra, oturacaqda yerimi rahatladım və çap hərfləri ilə yazdım:

“Ciddi müşahidə altında və böyük təhlükədəyəm. Təcili eksfiltrasiyaya ehtiyacım var. Radioaktiv tozdan və avtomobil qəzasından ehtiyat edirəm”.

Sonuncu cümlə DTK-nın adi praktikasıyla bağlı ehtiyatlılıq idi. DTK-da qurbanın yerdəyişmələrini asanca güdmək üçün ayaqqabısının dabanına radioaktiv toz yeridirlər, təşkil olunmuş avtomobil qəzasıyla, ya da üzərinə hücum etməklə onu aradan götürürlər. Kağızı qatlayıb yumağa döndərərək, Müqəddəs Vasili kilsəsinə yönəldim. Son anda müşahidə altına düşmədiyimə əmin olmaq istəyərək mərkəzi univermağa girdim. Mərtəbələr arasında uzun müddət dolaşdım, bir seksiyadan digərinə keçdim, axırda təngnəfəs olduğumu hiss edərək təmiz havaya çıxdım…

Ardı var…

 

  DİGƏR XƏBƏRLƏR