Dünyanın ən səxavətli və xəsis insanlarının yaşadığı ölkələr açıqlanıb

Qlobal miqyasda keçirilən bir araşdırma zamanı insanların öz vəsaitlərinin bir hissəsini ehtiyacı olanlar üçün bağışlamaq və ya başqalarına yardım etməklə bağlı maraqlı nəticələr ortaya çıxıb.

Bu barədə Almaniyanın Die Welt qəzeti xüsusi məqalə dərc edib.

Qəzet həmin araşdırmanın “Charities Aid Foundation” (CAF) xeyriyyə fondu tərəfindən aparıldığını bidlirib. Təqribən 10 il ərzində tədqiqatçılar 126 ölkədə 1,3 milyon şəxsi sorğulayaraq, onlardan xeyriyyə məqsədlərinə görə nə qədər xərclədiklərini, bədbəxt və pis vəziyyətdə olan yad adamlara yardım edib-etmədiklərini, habelə özlərini nə qədər ictimai əsaslarla olan işə həsr etdiklərini soruşublar.

Sorğuda birinci yerdə amerikalılar gəlib. ABŞ vətəndaşları ağır situasiyada olan insanlara dəstək verilməsi və başqaları üçün ictimai işləri könüllü şəkildə görmək məsələsində yüksək keyfiyyət nümayiş etdiriblər. Lakin ikinci sırada Myanma ölkəsinin gəlməsi hər kəsi təəccübləndirib. Maraqlıdır ki, ilk onluğu heç də varlı dövlətlər sayılmayan Şri-Lanka və İndoneziya qapadır.
Səxavətinə və geniş ürəkli insanlarına görə liderlik edən ölkələrlə bərabər, xəsisliyi ilə ad çıxarmış dövlətlər də diqqəti cəlb edir.
Bunun başında isə Çin gəlir. Xalq Respublikası bütün göstəricilərinə görə ən aşağı yerləri tutub. Özü də son 20 ildə heç bir dövlət Çin qədər iqtisadi böyümə rəqəmlərinin artımına görə öyünə bilməz. Üstəlik, Çin əhalisini illik gəlirləri, yuxarıda adı çəkiən kasıb dövlətlərin sakinlərinin qazancını ən az 3 dəfə üstələyir.
CAF ekspertlərinin rəyinə görə, burada Konfutsi ənənələrinin rolu böyükdür. Belə ki, qədim təlimata görə, insanlar yalnız öz qohumlarının və yaxınlarının yardımına gələ bilərlər. Həqiqətən Çində insanlar başına bədbəxt hadisə gələn adamların yanından düz keçir, dönüb baxmır. Bu hətta ÇXR-də bir sıra məhkəmə proseslərinin predmetinə də çevrilib.
Bundan başqa, araşdırmaçılar kommunist rejiminin də insanlara bir-birinin taleyinə biganə olmağı öyrətdiyini və hətta məcbur etdiyini bildirirlər. Çünki xeyriyyəçilik etmək əslində sosialist dövlətin özünə hörmətsizlik sayılar.
Elə Rusiyanın özü də yardımlaşmaq məsələsində cənub qonşusundan çox az irəlidədir. Çin reytinqdə 126-cı, ruslar isə 117-ci sırada gəlir.
Musavat.com

  DİGƏR XƏBƏRLƏR