İspaniya diktatoru Fransisko Frankonun cəsədinin qalıqları eksqumasiya edilib

Mütəxəssislər oktyabrın 24-də Madrid yaxınlığında “Müharibədə həlak olanlar vadisi” monumental kompleksində dəfn olunan İspaniya diktatoru Fransisko Frankonun (1892-1975) qalıqlarını eksqumasiya edib.
AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, hökumətin məlumatına əsasən, eksqumasiya prosesi bu gün səhər saatlarında başlayıb. 44 il bundan öncə basdırılan tabutu çıxarmaq üçün onun üzərindəki 1,5 ton ağırlığında qranit plitə qaldırılıb.
İspaniya hakimiyyəti prosedur zamanı mobil telefonlardan istifadəni qadağan edib. Bundan başqa, eksqumasiya prosesində iştirak edənlər metalaxtaran qurğudan keçməli olub. KİV nümayəndələri prosesin getdiyi əraziyə buraxılmayıb. Diktatorun qalıqlarının yerinin dəyişdirilməsi ölkəyə təxminən 63 min dollara başa gələcək.
Fransisko Frankonun qalıqları yenidən dəfn olunması üçün yaxın vaxtlarda helikopterlə El-Pardo-Minqorrubio qəbiristanlığına aparılacaq. Dəfndə Frankonun 22 qohumunun iştirakına icazə verilib. Onun cəsədinin qalıqları 1988-ci ildə həyat yoldaşı Karmen Polonun dəfn olunduğu sərdabədə basdırılacaq.

  DİGƏR XƏBƏRLƏR