Karmen Kalvo: “Karles Puçdemon İspaniyaya təhvil verilməsə, cavab tədbirləri görəcəyik”

İspaniya hökuməti Belçika məhkəməsi tərəfindən Kataloniya muxtariyyatının sabiq rəhbəri Karles Puçdemonun ekstradisiyası ilə bağlı qərar verilməyəcəyi təqdirdə, cavab tədbirləri görəcəklərini açıqlayıb.

“Report” xəbər verir ki, hökumətin “Twitter” səhifəsində Belçika ədliyyəsinin onların mənafeyinə tərs qərar çıxaracağı halda buna hörmətlə yanaşmayacaqları vurğulanır.

“Euronews” xəbər verir ki, İspaniyanın baş nazirinin müavini əvəzi Karmen Kalvo bu barədə bildirib ki, Belçika dövləti İspaniya ədalətindən gizlənənləri təhvil verməyəcəksə, İspaniya hökuməti bunu başa düşməyəcək: “Biz bunu İspaniyada mövcud olan tam demokratiyaya qarşı hörmətsizlik kimi qəbul edəcəyik. Bu işdə adı keçənlər barəsində Ali Məhkəmənin hökmündən sonra rədd cavabı verilsə…, biz bunu başa düşməyəcəyimiz üçün müvafiq qərarlar verəcəyik”.

Madrid rəsmisi sözlərini izah edərək “ölkələr arasında əməkdaşlıq arta və azala bilər” fikrini işlədib.

Qeyd edək ki, bu gün Brüssel məhkəməsi İspaniya hökumətinin K.Puçdemonun ekstradisiyası barədə üçüncü dəfə tələb irəli sürməsilə bağlı iclas keçirib və onu həbs edərək İspaniyaya təhvil vermək məsələsinə dair dinləmələri dekabr ayının 16-dək təxirə salıb.

  DİGƏR XƏBƏRLƏR