Məşhur “Xaç atası” və “Çin məhəlləsi” filmlərinin prodüseri Robert Evans vəfat edib

ABŞ-da ömrünün 89-cu ilində “Paramount Pictures” kinostudiyasının keçmiş icraçı direktoru və prodüseri Robert Evans vəfat edib.

AZƏRTAC xəbər verir ki, Evans “Paramount Pictures”də 1966-1975-ci illərdə bir neçə vəzifədə – inzibatçıdan başlayaraq, istehsala cavabdeh olan vitse-prezidentdən tutmuş şirkətin filmlərinin qlobal istehsalına məsul olan rəhbərədək çalışıb. “Paramount Pictures”də fəaliyyət göstərdiyi zaman o, “Xaç atası”, “Söhbət”, “Rozmarinin körpəsi”, “Harold və Mod”, “Qəribə cütlük”, “Serpiko”, “Kağız Ay”, “Sevgi tarixçəsi” və “Dahi Getsbi” kimi filmlərin istehsalı üzrə layihələrə rəhbərlik edib.

Evans Mario Püzonun “Xaç atası” romanının və Erix Seqalın “Sevgi tarixçəsi” ssenarisinin ekranlaşdırılmasına nəhəng məbləğdə vəsait ayırmaqla riskli addım atıb. Lakin yekunda studiya hər iki filmdən çox böyük məbləğdə gəlir əldə edib və bu, rejissorlar Frensis Ford Koppola, Roman Polanski və Hel Eşbinin karyerasının başlanmasına səbəb olub.

1970-ci illərdə Evans öz şəxsi filmlərinin istehsalına keçib. O, “Çin məhəlləsi”, “Marafonçu”, “Şəhərli Kovboy” və “Kotton” klubu” filmlərini lentə almağa müvəffəq olub. “Sevdiyin oğlanı 10 günə itirmək istəyirsənsə” ekran əsəri Robert Evansın son filmidir.

  DİGƏR XƏBƏRLƏR