“Nə vaxta qaldı…” – Sənədsiz evlər probleminin həllini yubadan səbəblər

“Bəzi məmurlar prosesi əvvəlki qaydalarla həll etməyə çalışırlar ki, bu da onlar üçün əlavə korrupsiya mənbəyi rolunu oynayır”.

Bu sözləri Sfera.az-a açıqlamasında qeydiyyatsız evlərə çıxarışın verilməsi, prosesin həlli yollarına toxunan iqtisadçı ekspert Rəşad Həsənov söyləyib. Məsələnin həllində zamana ehtiyac olduğunu vurğulayan ekspert prosesi olduqca mürəkkəb adlandırıb:

“Bu heç də sadə məsələ deyil. Prosesin yubanmasında obyektiv və subyektiv amillər rol oynayır. Bəzi mənbələrə görə sənədsiz evlərin sayı 700 minə yaxındır. Əgər belə bir sayı göz önünə gətirsək, problemin çözümündə obyektiv səbəb kimi zamanı nəzərə almalıyıq. Bunun üçün kifayət qədər vaxt tələb olunur. Bu evlərin çertyojlarının çəkilməsi, kodastra daxil edilməsi və sənədlərin hazırlanması zaman tələb edən məsələdir”.

Ekspert hesab edir ki, bəzi məmurlar sənədsiz evlərə çıxarışın verilməsini əlavə korrupsiya mənbəyinə çevirmək istəyəcəkləri və bunun qarşısını almaq üçün tədbirlərə ehtiyac duyulacağını söyləyib:

“Məsələnin həllini tapmasında subyektiv səbəb kimi isə əlaqədar qurumların maraqları var ki, bunların hamısı prosesin gedişinə təsir edir. Bəzi məmurlar prosesi əvvəlki qaydalarla həll etməyə çalışırlar ki, bu da onlar üçün əlavə korrupsiya mənbəyi rolunu oynayır. Bu kimi hallar düşünürəm ki, qeydiyyatsız evlərə çıxarışların verilməsini, onların rəsmiləşdirilməsini ləngidən başlıca səbəblərdir. Prosesin hansı zamana qədər uzanmasına gəldikdə isə bu birbaşa olaraq əlaqədar dövlət qurumlarının işinə yanaşma məsuliyyəti və mənzil sahiblərinin də onlarla birbaşa kontaktda olmasından, səmərəli qarşılıqlı fəaliyyətdən asılıdır”.

 

  DİGƏR XƏBƏRLƏR