SSRİ dövrünün ən qalmaqallı şərabçılıq maxinasiyası – Mikoyan erməni və gürcü caniləri güllələnmədən xilas edib

– Mən axşam sizi restorana dəvət edirəm, buna görə sizə istədiyiniz qədər pul verəcəm.

– Dəvətinizə görə çox sağ olun, amma mən onu qəbul edə bilməyəcəm və mən pula satılmıram.

İmtina cavabını eşidən kişi qızın qolundan tutur, o biri əli ilə pencəyinin cibindən bir topa pul çıxarıb qızın üzünə çırpır:

– Sən bu qədər qudurmuş fahişəsən ki, mənim sözümdən çıxırsan?

1952-ci ilin iyun ayında Moskvanın məşhur restoranlarının birində baş verən dava günün səsli-küylü mövzusuna çevrilərək mərbuata da sızır. Müştərinin xidmətçi qıza intim təklifi müştəri ilə restoran işçilərinin arasında davaya səbəb olur. Münaqişə müştərinin restoran işçilərinə odlu silahdan atəş açması ilə yekunlaşır. Üç nəfər yaralanır, silahlı müştəri Tengiz Alabidze isə milislər tərəfindən saxlanılır. Bu insident böyük bir cinayətin üstünün açılmasına səbəb olur…

Tengiz Alabidze 1949-cu ildən Kuybışevdə şərab zavodunun direktoru işləyib. Buna qədər o, Tbilisidə hamam-camaşırxana kompleksinin müdiri olub. Bu hamam Tbilisidə gizli fahişəxana kimi tanınıb. Müharibədən yayınan Tengiz Alabidzeni bu hamam kifayət qədər zənginləşdirib. Amma buna baxmayaraq, o, daha çox varlanmaq üçün yollar axtarıb. Tbilisidəki erməni dostlarından biri ona “kömək” etmək qərarına gəlib, Alabidzeyə onu Moskvada böyük bir adamla tanış etməyi söz verib.

Beləliklə, dostlar Moskvaya yollanıblar. Dostunun vasitəçiliyi ilə Alabidze SSRİ Yeyinti Sənayesi Nazirliyinin şərabçılıq baş idarəsinin rəis müavini, milliyətcə erməni olan Nikolay Mirzəyanla tanış olub. İki günlük danışıqlardan sonra Mirzəyan Alabidzeyə Kuybışevdəki (indiki Samara) şərab zovuduna direktor vəzifəsini təklif edib.

Qeyd edək ki, Mirzəyan vəzifə ranqına görə böyük səlahiyyətlərə sahib olmasa da, o, bu nazirlikdə ən ötkəm və sözü keçən şəxslərdən biri olub. Anastas Mikoyanın kadrı və ona ən yaxın adamlarından biri sayıldığından Mirzəyan bu nazirlikdə istədiyi kimi hərəkət edə bilib. Ölkənin bütün şərabçılıq müəssisələri birbaşa onun nəzarəti altında olub. Sonralar o da məlum olub ki, Mirzəyan Alabidzeni zavod direktoru təyin etdiyinə görə 170 min rubl rüşvət alıb.

Erməni “dayı”sına arxayın olan Alabidze zavod direktoru kimi fəaliyyətə başlayanda böyük məbləğlərdə pul qazanmaq üçün xüsusi mexanizm yaradıb. Onu da qeyd edək ki, həmin dövrdə ölkədə alkoqollu içkilərin qıtlığı olub. Alkoqollu içkilərin istehsalını, satışını şəxsən Stalin öz nəzarətində saxlayıb. Əsas məqsəd o olub ki, “işbaz”lar bu sahədə bazara müdaxilə edə bilməsinlər. Amma bu “təhlükə” Alabidzeni qorxutmayıb.

Əvvəlcə Alabidze gizli sövdələşmələr nəticəsində zavoda daxil olan şərab xammallarının spirt faizinin daha çox olmasına nail olub. Belə olduğu halda daha çox hazır məhsul əldə etmək mümkün olub ki, onların satışından gələn pullar Alabidzenin şəxsi büdcəsinə axıb. Sözsüz ki, hazır məhsulu satışa çıxarmaq üçün şüşə qablara və onların etiketlərinə tələbat yaranıb.

Alabidze zavoddan kənarda şüşə qabların qəbul məntəqəsini açıb və boş şüşələr digər qəbul məntəqələrindən daha baha qiymətə qəbul olunub. Bununla yanaşı, o, mətbəələrin birindən çap dəzgahı alıb və həmin dəzgahda istənilən qədər etiketlər çap olunub.

Hazır məhsulların satışı Alabidze üçün problem olmayıb. Zavodda qalan qayimə-faktura ilə hazır məhsulları daşıyan maşınlara verilən qayimə fakturalar fərqli olub. Mal restoran, kafe, mağazalara çatdırıldıqdan sonra saxta qayimə-fakturalar ləğv edilib. Digər tərəfdən, Alabidze onun işinə müdaxilə etmək səlahiyyətində olanlarla da dil tapıb. Ən əsası isə o, ayda bir dəfə Moskvaya gedib “dayı”sı Mirzəyanın haqqını verməyi də unutmayıb.

Beləliklə, 3 il ərzində Mirzəyan və Alabidzenin qarşılıqlı fəaliyyəti nəticəsində 20 milyon pul qazanılıb. Mövcud dövr üçün bu ağılasığmaz bir məbləğ sayılıb.

Restorandakı davadan sonra hüquq-mühafizə orqanları Tengiz Alabidzenin fəaliyyətini ciddi araşdırmağa başlayıblar. SSRİ Daxili İşlər Nazirliyinin sosialist əmlakının dağıdılmasıyla mübarizə idarəsinin (SƏDMİ – rusca OBXSS) əməkdaşları Kuybışevə ezam olunublar. İki həftəlik araşdırmalardan sonra Alabidzenin bütün maxinasiya həlqələri tam aşkar olunub. Həlqənin digər tərəfindəki Mirzəyan da kənarda qalmayıb.

Axtarış zamanı Mirzəyanın evindən nağd şəkildə 2 milyon 800 min, ailəsindən kənar yaşadığı məşuqəsinin evindən isə 1 milyon rubl tapılıb. Tengiz Alabidzenin təkcə Tbilisidəki mənzilindən 3 milyon rubl, 600 min rubl dəyərində qızıl aşkar olunub.

Mikoyan bu məsələyə tam müdaxilə edə bilməsə də, həmyerlilərini ən ağır cəzadan xilas edə bilib. Məhkəmənin hökmü ilə Mirzəyan və Alabidze 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

İlham Cəmiloğlu, Musavat.com

  DİGƏR XƏBƏRLƏR