Tofiq Yaqublu ilə bağlı şikayət veriləcək

Nemət Kərimli: “Xüsusi bir sözü olmadı”

Xəbər verildiyi kimi, Milli Şuranın 19 oktyabr mitinqində həbs olunanlardan biri də qurumun Koordinasiya Şurasının üzvü, Müsavat Partiyasının funksioneri Tofiq Yaqubludur. Ona 30 sutka inzibati həbs cəzası verilib. Saxlanıldıqdan sonra T.Yaqubluya işgəncələrin verildiyi yönündə iddialar meydana çıxıb.

Bu barədə onun qızı Nigar Yaqublu sosial şəbəkələrdə məlumat paylaşıb. O statuslarında atasına ağır işgəncələrin verildiyini, hətta qabırğalarının sındırıldığını bildirir. Oktyabrın 21-də T.Yaqublu ilə Binəqədi Müvəqqəti Saxlanma Təcridxanasında görüşən vəkil Nemət Kərimli də mətbuata açıqlamasında hüquqlarını müdafiə etdiyi şəxsin işgəncələrə məruz qaldığını söyləyib. Vəkil T.Yaqublunun aksiya günü axşam saatlarında Daxili İşlər Nazirliyinin Hospitalına aparılıb müayinələrdən keçirildiyini də qeyd edib.

Müsavat funksioneri ilə bağlı hələ ki Apellyasiya Məhkəməsinə şikayət olunmayıb. Bu barədə “Yeni Müsavat”a N.Kərimli məlumat verdi: “Sənədləri almamışam. Alan kimi şikayət verəcəm. Çox güman ki, oktyabrın 23-də şikayət veriləcək. Sonuncu dəfə onu oktyabrın 21-də təcridxanada gördüm. Xüsusi bir sözü olmadı”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

  DİGƏR XƏBƏRLƏR