UEFA-nın yeni turniri necə keçiriləcək?

UEFA-nın iki klub turniri var: Çempionlar Liqası və Avropa Liqası. 2021-ci ildən bu cərgəyə Assosiasiyalar Liqası (Konfrans Liqası) yarışı qoşulacaq. Novator.az bildirir ki, yeni turnirin dörd təsnifat mərhələsi, qrup raundu, əlavə ələmə mərhələsi, 1/8 final, 1/4 final, yarımfinal və finaldan ibarət olması nəzərdə tutulur.

Birinci mərhələyə klub reytinqində 30-55-ci yerdə olan UEFA üzvlərinin kubok sahibləri; 30-54-cü yerdə olanların (Lixtenşteyndən başqa) milli çempionatlarının gümüş mükafatçıları; 29-51-ci yerdə olanların (Lixtenşteyndən başqa) bürünc mükafatçıları buraxılır.

İkinci təsnifat raundunda ilk mərhələni adlamış komandalar; klub reytinqində 16-29-cu yerdə olanların kubok sahibləri və gümüş mükafatçıları; 13-28-ci yerdə olanların bürünc mükafatçıları; 7-15-ci yerdə olanların milli çempionatlarını dördüncü sırada bitirmiş komandalar; 6-cı yerdə olanın milli çempionatını beşinci sırada bitirmiş komanda; Çempionlar Liqasının ilkin və birinci mərhələlərində ələnən komandalar çıxış edir.

Üçüncü mərhələyə ikinci mərhələnin qalibləri; klub reytinqində 7-12-ci yerdə olanların bürünc mükafatçıları; 6-cı yerdə olanın milli çempionatını dördüncü sırada bitirmiş komanda vəsiqə alır.

Dördüncü mərhələdə üçüncü mərhələnin qalibləri; klub reytinqində 1-4-cü yerdə olanların milli çempionatlarını altıncı sırada bitirmiş komandalar; 5-ci yerdə olanın milli çempionatını beşinci sırada bitirmiş komanda; Avropa Liqasının üçüncü mərhələsində ələnən komandalar yarışır.

Qrup mərhələsində dördüncü mərhələnin qalibləri və Avropa Liqasının dördüncü raundunda ələnən komandalar oynayır.

Qruplarda birinci yeri tutan komandalar 1/8 finala keçir, ikinci yeri tutan komandalar Avropa Liqasının qruplarında üçüncü olmuş komandalarla 1/8 finala çıxmaq uğrunda əlavə mərhələdə yarışır.

Avropa kuboklarının indiki formatına əsasən, Azərbaycan çempionu Çempionlar Liqasında, gümüş və bürünc mükafatçılar, həmçinin ölkə kubokunun sahibi Avropa Liqasında yarışır, Çempionlar Liqasının təsnifat mərhələsindən ələnən klub Avropa Liqasına köç edir.

2021-ci ildən gümüş və bürünc mükafatçılar, eləcə də ölkə kubokunun sahibi Konfrans Liqasında mübarizə aparacaq.

Azərbaycan hazırda UEFA-nın klub reytinqində 26-cı pillədə dayanır. Bu mövqe Azərbaycan klublarına yeni turnirə ikinci təsnifat mərhələsindən start vermək imkanı yaradır.

Klub reytinqi Çempionlar Liqası və Avropa Liqasında son beş mövsümdə qazanılan əmsala əsaslanır. Qrup raunduna qədər qələbə 1, heç-heçə 0,5 xal; qrupda və sonrakı mərhələlərdə qələbə 2, heç-heçə 1 xaldır.

Çempionlar Liqasının qrupuna düşmək 4 bonus xalı, 1/8 finala çıxmaq 5 bonus xalı, hər iki turnirin 1/4 finalına, yarımfinalına və finalına yüksəlmək 1 bonus xalı verir.

Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.

  DİGƏR XƏBƏRLƏR