UEFA Qurban Qurbanovla bağlı yanlışlığa yol verdi

UEFA “Qarabağ” və Kipr APOEL-i arasında keçiriləcək Avropa Liqasının III tur matçına dair statistik məlumatlarda yanlışlığa yol verib.
Qitə futbol qurumunun rəsmi saytı Qurban Qurbanovun Azərbaycan təmsilçisinin baş məşqçisi kimi 100-cü avrokubok oyununa çıxacağını yazıb. Halbuki Qurbanov üçün yubiley qarşılaşması ötən tur Lüksemburqda “Düdelanj”la görüşə təsadüf edib. Həmin matç “Qarabağ”ın böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:1.
Bu, Qurbanovun rəhbərliyi altında 40-cı qalibiyyət olub. Qalan oyunlardan 27-də heç-heçə, 33-də məğlubiyyət qeydə alınıb. Avrokubok qarşılaşmalarından 36-sı Çempionlar Liqası, 64-ü Avropa Liqasına təsadüf edib. Bundan başqa Qurbanov “Neftçi”nin baş məşqçisi kimi 2007-ci ildə UEFA kubokunun I təsnifat mərhələsində Avstriya “Rid”i ilə iki oyunda iş başında olub (1:3, 2:1).
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçı saat 20:55-də başlayacaq.(Report)

  DİGƏR XƏBƏRLƏR