Bəh-bəhlə reklam olunan, bəlalı energetik içkilər

“Azərbaycanda hazırkı dövrdə energetik içkilərdən istifadə etmək, qəlyan çəkmək ürək-damar xəstəliklərinin cavanlaşmasının ən əsas səbəblərindən biridir”. Bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb elmləri doktoru Gülnaz Dadaşova Trend-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, əvvəllər infarkta, hipertoniyaya yaşı 45-50-dən çox olan insanlar arasında rast gəlinib.

“Adətən yaş amili ilə əlaqədar 45 yaşdan sonra kişilərdə, 50 yaşdan sonra qadınlarda ürək-damar xəstəlikləri olur. Ancaq indi 28-30 yaşlarında cavan oğlanlar hipertoniyadan əziyyət çəkirlər. Hətta artıq 18 yaşlı oğlanlar da bizə təzyiqin yüksəlməsi şikayəti ilə müraciət edirlər. Təəssüf ki, gənclər tərəfindən energetik içkilərin qəbulu, qəlyanın çəkilməsi, onların qeyri-sağlam həyat tərzi keçirməsi ölkəmizdə ürək-damar xəstəliklərini cavanlaşdırır”.

Gülnaz Dadaşova həmçinin qeyd edib ki, neqativ informasiya verən televiziya verilişlərinin, qorxu filmlərinin də ürək-damar xəstəliklərinin inkişafına çox böyük təsiri var: “Məsələn, xəstəxanadan evə gedən ərəfədə belə verilişlərə baxan infarkt olmuş xəstələrimiz arasında təkrar infarkt olanlar olub. Yaşlıların, uşaqların, ürəyi xəstə olan insanların belə verilişlərə baxması düzgün deyil. Bu barədə insanlara daha geniş məlumat verilməlidir ki, onlar risk amillərini bilsinlər”.

İnstitutunun direktoru, tibb elmləri doktoru Gülnaz Dadaşova ile ilgili görsel sonucu

G.Dadaşova əlavə edib ki, energetik içkilərin tərkibində kofeindən başqa, insanın sinir sisteminə olduqca mənfi təsir edən toksiki maddələr, konservantlar var: “Həmin maddələr insanlarda təzyiqi yüksəldir. Bu da öz növbəsində hipertoniyası olan insanların sayını artırır. Tələbələr arasında stress faktoru daha çox olduğundan hipertonik gənclərin sayı getdikcə artır. Biz xəstə olmaq istəmiriksə, təbiətə daha yaxın olmalı, təbii qidalar və içkilər qəbul etməliyik. Bununla yanaşı, insanlar ildə heç olmasa, bir dəfə kardioloq müayinəsindən keçməlidirlər”.

Qeyd edək ki, son illər ölkəmizdə energetik içkilərin satışı kütləviləşib. Araşdırmalar da onu göstərir ki, bu cür içkilərin ən çox istifadəçisi gənclər və yeniyetmələrdir. Halbuki bundan əvvəl dəfələrlə mütəxəssislər energetik içkilərin insan həyatı üçün təhlükəli olduğunu bildiriblər. Həmçinin bir sıra deputatlar energetik içkilərin satışının qadağan olunması və yaxud ən azından yeniyetmələrə, uşaqlara satılmaması barədə təkliflər irəli sürüblər. Təkliflərdə bildirilirdi ki, energetik içkilər Azərbaycanda aksiz dərəcəsi təyin olunan mallar siyahısına daxil edilməli, qiymətinin bahalaşması üçün əlavə aksiya vergiləri tətbiq edilməlidir. Lakin bu təkliflər elə təklif olaraq qaldı.

Bu gün istənilən böyük və ya kiçik tipli mağazalarda “Hell”, “Burn”, “Boss”, “Jaguar”, “Rox”, “Red Bull”, “Pitbull”, “Bizon” kimi markalara rast gəlirik. Onların qiymətləri 0,80 qəpik – 4 manat arasında dəyişdiyindən yeniyetmələr və uşaqlar üçün də əlçatan olur. Bununla da tez-tez ictimaiyyətdə əlində bu cür içki olan yeniyetmələrə, hətta uşaqlara rast gəlirik.  Ekspertlər həyəcanla bildirir ki, energetik içkilərin alıcılıq qabiliyyətinin kütləviləşməsinə əsasən efirlərdə aparılan reklam kampaniyalarıdır. Hətta tanınmış simalar belə bu içkiləri fərqinə varmadan reklam edir. Bəh-bəhlə təqdim edilən bu içkilər hər kəsi özünə cəlb edə bilir.

Halbuki dünyanın bir çox inkişaf etmiş ölkələrində energetik içkilərin reklamı, istehsalı və satışı qadağan olunub. Məsələn, Rusiya Səhiyyə Nazirliyi hələ 2010-cu ildən energetik içkilərin reklamını məhdudlaşdırmağı təklif edirdi, çünki bunu uşaq və yeniyetmələrin sağlamlığı üçün təhlükəsiz saymırdı. Lakin bu təşəbbüsün nəticəsi olmadı. 1 il sonra həddi-buluğa çatmayanlara alkoqolsuz enerji içkilərinin satışını qadağan edən qanun layihəsi Dövlət Dumasına təqdim olunub. Parlament tərəfindən dəstəklənmədiyindən 2 il sonra təkrar müzakirəyə çıxarılıb. Bu dəfə də deputatlar layihəni geri çevirdilər, Rusiya hökuməti qadağa üçün yetərli tibbi səbəb görmürdü. Bununla belə, məsələ yenidən müzakirəyə çıxarıldı və qanun layihəsini Dövlət Dumasında müxtəlif fraksiyalardan olan 40 deputat imzaladı. Lakin energetik içkilərin satışının məhdudlaşdırılması cəhdi yalnız dövlət başçısı Vladimir Putin deputatlarla görüşündə öz mövqeyini ortaya qoyduqdan sonra baş tutdu.

“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov ile ilgili görsel sonucu

“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı: “Dəfələrlə bu mövzuda müzakirələr aparmışıq. Lakin göründüyü kimi, vəziyyət olduğu kimi qalmaqdadır. Məlum olduğu kimi, adı qeyd olunan energetik içkilərin tərkibində insanı asılı salan, içkiyə alışdıran maddələr vardır. Demək olar ki, onların heç birinin tərkibində insan orqanizmi üçün müsbət sayılacaq maddələr yoxdur. Buna görə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi enerji içkilərinin tərkibinin dəyişdirilməsi barədə məsələ qaldırıb və həmin iş indi də agentliyin nəzarətindədir. Bu içkilərin tərkibində dəyişiklik gedərsə, vətəndaşların sağlamlığı üçün heç də pis olmaz”.

Qurum sədri qeyd etdi ki, bu cür içkilərin reklamının qadağan olunması real görünmür: “Belə olan halda həmin içkilər digər yollarla bazara ayaq açacaq. Hətta reklamı qadağan olunan ölkələrə baxdıqda da görürük ki, məsələ tam həllini tapa bilməyib. Eləcə də ölkəmizdə bu içkilərin reklamının qadağan olunacağını ehtimal etmirəm. Çünki bizdə azad bazar iqtisadiyyatıdır və bunun inzibati yollarla qarşısını almaq mümkün deyil”.

Xatırladaq ki, energetik içkilərin təhlükəli olduğu dəfələrlə sübuta yetirilib. Məsələn, Türkiyədə “Badboy” markalı enerji içkisində sildenafil üzə çıxıb. Qeyd edək ki, sildenafil əsasən cinsi istəyi artıran həblərin tərkibinə vurulur. “Bazır” enerji içkisində isə kişilər üçün aktivləşdirici vasitə olan “Viagra” dərmanının sildenafil maddəsi aşkar olunmuşdu. Həmin ərəfədə səkkiz enerji içkisində də cinsi aktivliyi artıran maddələr aşkarlanmışdı. Bura “Nitro max” enerji içkisi də daxil idi. Bu isə energetik içki istehsalçılarının insanlar arasında sərhədsiz cinsi münasibəti artırmağa çalışdıqlarını bir daha sübut edir.

Ötən il isə energetik içkilərin zərərli maddələrdən ibarət olması ilə yanaşı, tərkibində öküz sperması olduğu haqda məlumatlar yayılmışdı. Araşdırma nəticəsində məlum olmuşdu ki, energetik içkilərə öküz sidiyi və spermasından əldə edilən bir maddə əlavə edilir. Belə ki, “Lonqorn” şirkəti enerji içkisi markalarını test edib. Şirkətin gəldiyi nəticə isə ürəkbulandırıcı olub. Araşdırma sonrası energetik içkilərin tərkibində öküz sperması olduğu aydınlaşıb…

  DİGƏR XƏBƏRLƏR